Xalq-hakimiyyət birliyini qoruyub saxlamaq üçün hər bir vətəndaşın səsi önəmlidir
Məlum olduğu kimi, Azərbaycan tarixi hadisə ərəfəsindədir. Aprel ayının 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Mart ayının 19-dan etibarən prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilib. “İki sahil” qəzeti təbliğat-təşviqat kampaniyası çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlər, seçki öncəsi mühit, seçkiyə hazırlıq prosesi haqqında silsilə müsahibələr təqdim edir.. Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı Tahir Mirkişilidir.
- Tahir müəllim, seçki ilə bağlı suallara keçməzdən öncə son 15 ildə ölkəmizin iqtisadi sahədə qazandığı uğurlara, əldə etdiyi nailiyyətlərə sizinlə birlikdə nəzər salmaq istərdik.
-Bilirsiniz ki, azərbaycançılıq ideyasının əsasında güclü dövlət və güclü vətəndaş ideyası durur. Hələ Ulu Öndər 1993-cü güclü dövlət və güclü vətəndaş amilini yaratmaq üçün lazım olan ən ümdə vəzifələri qarşıya qoydu. Bu, elə ilk növbədə, güclü iqtisadiyyat demək idi. Əgər iqtisadi cəhətdən ölkə qarşıya qoyulan məqsədə çatmasa, onda digər sahələrin inkişafından söhbət gedə bilməz. Təsadüfi deyil ki, 1991-92-ci illərdə Azərbaycanda iqtisadi tənəzzül görünməmiş həddə çatmışdı. Təkcə 1992-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 27 faizə qədər azalmışdı. Bu, kifayət qədər iqtisadi tənəzzül idi. Bu tənəzzülü dayandırmaq və iqtisadiyyatı inkişaf etdirmək o zaman Azərbaycan dövlətinin qarşısında duran ən ümdə vəzifələrdən idi. Ulu öndər Heydər Əliyevin bu sahədə əldə etdiyi mühüm nəticələr o zaman Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi.
2003-cü ildə dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəyə rəhbər seçilməsindən sonra Azərbaycanda iqtisadiyyatın yeni dövrü başladı. Çünki ulu öndər Heydər Əliyev Azərbaycanda sabitliyə nail olmuş, siyasi cəhətdən əhali savadlanmışdı. Belə bir münbit şərait ölkədə iqtisadiyyatın tamamilə başqa bir tempdə inkişafına şərait yaradırdı. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi və Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək üçün yeni uğurların əldə edilməsi sonrakı dövlərdə böyük inkişafın əsasını qoydu. Hər hansı maliyyə əldə etmədən addım atmaq mümkün deyil. Xatırladım ki, cənab Prezident İlham Əliyev hələ prezident seçkiləri öncəsi apardığı təbliğatda bildirmişdi ki, Prezident olacağı təqdirdə görəcəyi ilk iş regionların inkişafına dair Dövlət Proqramının imzalanması olacaq. Niyə regionlar? Çünki hələ o zamanlar aparılmış təhlillər göstərirdi ki, bu proqram regionların iqtisadi cəhətdən inkişafı daha dayanıqlı, gələcəyi təmin edən, eyni zamanda, ölkənin iqtisadi inkişafını paylayıcı formada aparmaq üçün mühüm qanun idi. Təbii ki, cənab İlham Əliyevin Prezident seçiləndən sonra qəbul etdiyi ilk qərar 2004-cü ildən başlayaraq regionların sosial iqtisadi-inkişafına dair Dövlət Proqramı oldu.
Keçən 15 il ərzində rəqəmlərə fikir versək görərik ki, Azərbaycan iqtisadiyyatı kifayət qədər yüksək templə inkişaf edib. Qeyd edək ki, iqtisadi ədəbiyyatda və tarixdə 15 il olduqca az bir vaxtdır. Çünki ölkələrin iqtisadi inkişafı bəzən 50, bəzən də daha çox vaxt ilə ölçülür. Bu illərin öz nəticəsini göstərməsi də uzun vaxt tələb edir. Amma Azərbaycan iqtisadiyyatı 15 il ərzində makroiqtisadi cəhətdən 3,2 dəfə böyüdü. Yəni əgər 2003-cü ildə Azərbaycanın ümumi daxili məhsulu 7 milyard manat idisə, artıq Azərbaycanın ümumi daxili məshulu 70 milyard manatdır. Bu, real ifadədə 3,2, nominal ifadədə isə 10 dəfə artımdır. Digər nəticələrə baxsaq görərik ki, 2003-cü ildə strateji valyuta ehtiyatlarımız 2 milyard dollar idisə, indi bu rəqəm 45-46 milyard dollardır. 23 dəfə artım var. Ümumilikdə götürsək təbii ki, iqtisadiyyatın bu cür artımı digər sahələrə də öz təsirini göstərdi. Bu illər ərzindən Azərbaycanda 2 milyona yaxın yeni iş yeri açılmışdır. Ölkəyə 200 milyard manatdan çox invsetisiya yatırılmışdır. Əgər ötən 15 il ərzində iqtisadi inkişafın sosial sahəyə təsirindən danışsaq görərik ki, bu illərdə əhalinin banklardakı əmanətlərinin həcmi 30 dəfəyə yaxın artmışdır. Və yaxud orta aylıq əmək haqqı 6,8 dəfə, pensiya təminatı isə 8,2 dəfə artmışdır. Keçən bu müddət ərzində Azərbaycanın ən mühüm problemi olan qaçqın və məcburi köçkünlərin sosial rifah hallarının yaxşılaşdırılması üçün ölkə tərəfindən son 15 ildə 6 milyard manata yaxın vəsait sərf edilmiş, 90-dan çox yaşayış məntəqsi tikilmiş, 250 minə yaxın mənzil insanların istifadəsinə verilmişdir. Ümumilikdə götürsək, deyə bilərik ki, iqtisadi inkişaf sosial qayğıların azalmasına gətirib çıxarır. Bu gün Azərbaycanın dövlət büdcəsinin hər 100 manatından təxminən 37-38 manatı sosial sahənin daha da yaxşılaşdırılmasına xərclənir.
- Ümummilli lider Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafından danışarkən, deyirdi ki, iqtisadiyyatı güclü ölkə daha güclüdür. Bu fikirdən yola çıxaraq deyə bilərikmi ki, müstəqil Azərbaycanın qət etdiyi yol olduqca böyükdür?
-Bu gücü iki mənada anlamaq olar: fiziki və mədəni. Azərbaycanın fiziki gücü 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın Milli Ordusu tərəfindən göstərildi. İqtisadiyyatın gücünün ölkənin ordusuna tranformasiyasının şahidi olduq. Ermənsitan tərəfi bu dərəcədə məğlubiyyəti gözləmirdi. Azərbaycan bu gün dünyada 35-ci rəqabətədavamlı iqtisadi gücdə olan dövlətdir. İnkişaf etmiş ölkələr arasında ən inküliziv üç dövlətdən biridir. Təbii ki, bütün bunların sayəsində Azərbaycanda insan kapitalının inkişafı gözlə görünməyəcək qədər sürətlə artır. Bu gün Azərbaycan gənclərinin sorağı dünyanın dörd bir tərəfindən gəlir. 3500-ə yaxın tələbə dövlət hesabına xaricdə təhsil alıb. Azərbaycan ərazi baxımından o qədər böyük ölkə deyil, amma Olimpiya Oyunlarında azərbaycanlı idmançıların qazandığı medalların sayı sübut edir ki, ölkədə idmanın inkişafına göstərilən diqqət nə dərəcədədir. Yəni Azərbaycanda bütün sahələrdə gedən inkişaf və qazanılan uğurlar göstərir ki, iqtisadiyyat sürətlə inkişaf edir və bu inkişaf ölkənin bütün sahələrinə öz müsbət təsirini göstərir.
- Hazırda sadaladığınız bu inkişaf meyillərini gələcəkdə daha da gücləndirmək üçün seçim etmək ərəfəsindəyik. Necə düşünürsünüz, ölkədə siyasi mühit hansı səviyyədədir?
- Artıq çox az vaxt qaldı. Biz də prezident seçkilərinin təbliğat-təşviqat qrupunun üzvləri kimi bütün ölkə üzrə müxtəlif əhali qrupları ilə görüşlər keçiririk. Ümumilikdə deyə bilərəm ki, ölkədə seçki təbliğatı kifayət qədər sağlam, kifayət qədər ictimai-siyasi sabitlik şəraitində keçir. Bütün namizədlər üçün bərabər şəraitlər yaradılır. Bildiyiniz kimi, hər bir namizəd üçün bərabər efir vaxtı ayrılıb. Müşahidələrimə əsasən deyə bilərəm ki, digər namizədlərin də əhali ilə görüşləri olur. Təbii ki, Yeni Azərbaycan Partiyasının imkanları kifayət qədər böyükdür. Yəni, namizədimiz cənab İlham Əliyevin sosial və partiya dayaqları digərləri ilə müqayisəolunmaz dərəcədədir. Bizim namizədimizin son 15 ildə gördüyü işlər göstərir ki, Azərbaycanın hansı inkişaf yoluna qədəm qoyub. Bu günə qədər olmuş hər biri uğuru bütün Azərbaycan vətəndaşları görür, insanlar inkişafı bütün həyatlarında hiss edirlər. Bu gün Azərbaycan vətəndaşının qarşısında yeni hədəflər var. İnsanlarımız Vətənimizin daha güclü olmasını istəyirlər. Onlar daha yaxşı yaşamaq, təhsil almaq istəyirlər. Bilirlər ki, bütün bunları onlara verəcək yalnız bir nəfər, yalnız bir namizəd var o da cənab İlham Əliyevdir.
- Tahir müəllim, qeyd etdiniz ki, namizədlərin hər birinə bərabər efir vaxtı verilir. Maraqlıdır, teledebatlarda müakirə mövzularını və ətrafında gedən fikir mübadilələrinə münasibətiniz necədir? Ümumilikdə teledebatları necə xarakterizə edirsiniz?
- Bilirsiniz, teledebatlar dünya standartlarında istifadə olunan təşviqat nümunəsidir. Ümumilikdə müşahidə etdiyim qədər deyə bilərəm ki, peşəkarcasına aparılır. Teledebatların qurulması, texnoloji vasitələrdən istifadə olunması, mövzuların müxtəlif istiqamətdə qoyulması təbii ki, tamaşaçılara hansı namizədə səs verəcəklərini müəyyən etmək üçün kifayət qədər yardım edir. Hər bir namizədə rəğbətimiz var. Namizədlərin platformaları fərqlidir. İnanıram ki, teledebatları izləyənlər artıq əmindirlər ki, kimə səs vermək lazımdır.
- İnsanlarda seçki maarifləndirilməsi hansı səviyyədədir? Vətəndaşlar səsvermə prosesində iştiraklarının nə qədər önəmli olduğunun fərqindədirlərmi?
- Bilirsiniz, ümumilikdə seçki prosesinin məğzi ondan ibarətdir ki, vətəndaş aktiv olsun. Seçki məntəqəsinə gəlsin və mövqeyini bildirsin. Aparılan ilkin sorğular göstərir ki, seçkinin qalibi cənab İlham Əliyev olacaq. Əslində bu gün cənab Prezidentin təşviqinə də ehtiyac yoxdur. Çünki ötən 15 il ərzində ölkə başçısı insalara kifayət qədər açqıdır, hər zaman xalqın içində olub, gördüyü işlər şəffaf və göz önündədir. Bütün bunları görmək və seçkidə iştirak etmək əslində hər bir vətəndaşın ölkənin inkişafına dəstəyi və töhfəsidir. Siyasi cəhətdən aktivlik ölkənin inkişafına dəstəkdir. Azərbaycanın qarşısında kifayət qədər böyük məqsədlər, hədəflər var. Biz istəyirik ki, iqtisadiyyatımız daha da böyüsün. Azərbaycan bu gün nəhəng, iri layihələr həyata keçirir. Təbii ki, davamlı inkişafa nail olmaq üçün bütün vətəndaşların bir yerdə çalışması vacibdir. Bu naminə seçkidə iştirak etmək, layiqli namizədə səs vermək, öz mövqeyini və fikirini ortaya qoymaq lazımdır. Bu gün xaricdə bizi istəməyən qüvvələr, inkişafımızı gözü götürməyənlər, bizi beynəlxalq, iri layihələrdən kənarlaşdırmaq istəyənlərin sayı da çoxdur təbii olaraq. Bütün bunlara qarşı mübarizə aparmaq üçün ən mühüm güc təbii ki, xalq və ölkə rəhbərliyinin bir yerdə çalışmasıdır ki, biz də bu günə qədər buna nail olmuşuq. Bu birliyi davam etdirmək üçün hər bir vətəndaşın səsi önəmlidir, vacibdir.
-Siz harada səs verəcəksiniz?
-Sumqayıtda səs verəcəyəm.
Şəfiqə Dadaşova, “İki sahil”