14 sentyabr 2023 00:32
352

Yenilməz ordumuzun müsəlləh əsgəri

Düşməni döyüş meydanında diz çökdürməyə, canı, qanı bahasına dövlətini, onun suverenliyini, ərazi bütövlüyünü qorumağa hər an hazırdır!

Ordu dövlətin qüdrətini şərtləndirən amillər sırasında ən böyük rola malikdir. Dövlət müstəqilliyinin qorunması bilavasitə ordunun gücündən asılıdır. İkinci Qarabağ müharibəsində hünər, rəşadət göstərən Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında yer almaqla ölkəmizin qüdrətini daha da artırıb.  Bu gün Milli Ordumuzun peşəkarlığından, gücündən və qüdrətindən qürur hissi duyuruq. Ordumuz güvənc yerimiz olmaqla Vətənimizi yağılardan qorumağa hər an hazırdır. 

Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas amalını doğma torpaqlarımızın-Qarabağın işğaldan azad olunması kimi elan etmişdi. Bəli, təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bildirib ki,  Ulu Öndərin ona ən önəmli vəsiyyəti məhz Qarabağın işğalına son qoyulması olub. 1980-ci illərin sonu 90-cı illərin başlanığıcında ölkəmizdə vəziyyət son dərəcədə gərgin və acınacaqlı idi. Torpaqlarımız işğala məruz qalmış, vətəndaşlarımız isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.  Belə bir məqamda xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz böyük inkişaf yoluna qədəm qoydu. Bu inkişaf sahələrindən biri də məhz 1993-cü ilin sonlarından başlayan ordu quruculuğu siyasətinin uğurla həyata keçirilməsi idi. Ordu quruculuğu 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən daha müasir və sürətli mərhələyə qədəm qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, 2013-cü ildən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən hərbi islahatların yeni mərhələsi isə Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxardı. Məhz bu uğurlu addımların nəticəsi idi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın ali rəhbərliyi ilə Ermənistan ordusunun terror-təxribat aktına cavab olaraq, 2016-cı il Aprel döyüşlərində, 2018-ci ilin Günnut əməliyyatında, 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində gedən döyüşlərdə və nəhayət 2020-ci il 27 sentyabr tarixində başlayan haqq savaşımızda-Vətən müharibəsində düşmənə ən layiqli cavab verməklə onu döyüş meydanında darmadağın etdi. Bütün bunlar əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilən bənzərsiz ordu  quruculuğu siyasətinin bariz nümunəsidir.

Dövlət başçısının məqsədyönlü siyasəti sayəsində 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası ilə paralel olaraq ordu quruculuğu istiqamətində aparılan islahatlar daha geniş miqyas alıb.

Dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, ölkədə güclü iqtisadi potensialın, böyük maliyyə imkanlarının yaradılması hərbi məsələlərin yüksək səviyyədə həllinə geniş imkan yaradıb. Bu il hərbi potensialın gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün  dövlət büdcəsindən 1,1 milyard manatın ayrılması bunu bir daha təsdiq edir.

Çox təəssüflər olsun ki, Azərbaycanın qazandığı hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və başda avantürist Fransa olmaqla onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. Postmüharibə dövründə bölgədəki gərginliyin azaldılması hədəflənsə də, Ermənistanın revanşist  xülyalarla yaşaması və bu törətdiyi təxribatlar dayanıqlı sülhün əldə edilməsinə imkan vermir. Xüsusilə son dövrdə cəbhəboyu atəşkəsin pozulması faktları bunu deməyə əsas verir ki, Ermənistan növbəti dəfə hücum haqqında düşünür. Hərbi və diplomatik sferadakı məğlubiyyətlərdən sonra havadarlarının əli ilə yenidən ayağa qalxmağa çalışan haylar hər vəchlə Azərbaycana qarşı bədnam kampaniyalar aparırlar.

İlkin mərhələdə Laçın dövlət sərhədinin legitimliyinə kölgə salmağa çalışdılar, ardınca yolun gediş-gəliş üçün bağlı olduğunu bildirdilər. Növbəti dəfə isə bu şounu daha da genişləndirərək "humanitar böhran" adı altında beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd etdilər. Lakin bu da tam mənada erməni xislətini əks etdirmirdi. Təxribatların miqyasını getdikcə genişləndirən mənfur düşmən bu dəfə TIR-ları Ermənistan –Azərbaycan dövlət sərhədinə cəlb etdi. Ardınca müxtəlif ölkə nümayəndələrini əraziyə dəvət edərək saxta ictimai fikir formalaşdırmağa  çalışdı. Lakin bütün sadalanan çirkin təxribatlar Azərbaycan dövləti tərəfindən dəf edildi. BMT Təhlükəsizlik Şurasının məsələ ilə  bağlı təcili iclasında məğlub olan Ermənistan bütün dünyanın gözü qarşısında həqiqətlərə boyun əydi. İclasda iştirak edən digər ölkə nümayəndələri də artıq anladılar ki, Azərbaycan haqq yolundadır və Ermənistan müxtəlif spekulyasiya və manipulyasiyalarla region üçün təhlükə törədir.

Təbii ki, belə təxribatların qarşısı dərhal alınır və Azərbaycan Ordusundan növbəti sarsıdıcı zərbəni alan düşmən döyüş meydanından qaçmağa məcbur olur. Ona görə ki, torpaqlarımızı işğaldan azad edən mərd oğullarımız bu gün də mənfur düşmənlə qəhrəmancasına mübarizə aparırlar. Bir sözlə,  şanlı Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını almağa qadirdir.

Bu gün dünyanın ən güclü  50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun  arsenalında  hərbi gücümüzün  göstəricisi olan  yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri mövcuddur. İkinci Qarabağ müharibəsindən sonra imzalanmış kontraktlar əsasında yeni pilotsuz uçuş aparatları, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik olan uzaqmənzilli raketlər, ən müasir silahlar, texnikalar alınır. Müasir tələblərə cavab verən  müdafiə sənayesinə malik ölkələrdən biri olan Azərbaycan həm də  ən müasir silahların ixracatçısıdır. Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar  ordumuzun potensialını, maddi-texniki bazasını gücləndirməklə onu daha döyüşkən, daha güclü, peşəkar  orduya çevirir.  Bu gün vahid proqram əsasında inkişaf edən, hərbi qüdrətini gündən-günə möhkəmləndirən Silahlı Qüvvələrimiz   möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti ilə səciyyələnir. Son vaxtlar ordudakı islahatlar fonunda Xüsusi Təyinatlı Qüvvələrin sayının iki dəfə artırılması, Komando qüvvələrinin yaradılması ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində atılmış ən önəmli addımlardandır. Azərbaycan hərb tarixində  bu mühüm yeniliklər Prezident İlham Əliyevin Azərbaycan Ordusunun peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət göstərdiyinin bariz nümunəsidir.

Hayastan və onun havadarları qorxaq, fərari, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədiyini İkinci Qarabağ müharibəsindən çox yaxşı bilirlər. Bu gün təxribatlarına, terrorlarına, əsassız iddialarına son qoymayan, havadarlarının kölgəsində gizlənən ermənilər bunu bir daha  xatırlasalar, bəlkə qəflət yuxusundan ayılar və görərlər ki, güclü, qüdrətli Azərbaycan diktə edən tərəfdir. Nəhayət , onu da anlayarlar ki, egionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edir və Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır.

Yaqut Ağaşahqızı, “İki sahil”