11 sentyabr 2023 19:34
299

Baş Qərargah rəisi Türkiyənin milli müdafiə naziri ilə görüşüb FOTO

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Azərbaycan nümayəndə heyəti burada Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.
Sonra Baş Qərargah rəisi Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.
Türkiyənin milli müdafiə naziri nümayəndə heyətini salamlayaraq ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.