07 sentyabr 2023 09:44
274

Azərbaycan və Qazaxıstan nümayəndələrinin işçi görüşü keçirilib

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup hərbi qulluqçusu bu ölkədə səfərdə olub.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Tərbiyə və İdeoloji İş Departamentinin rəhbərliyi və müvafiq idarələrinin heyətləri ilə görüşlər keçirib.

Görüşlərdə ideoloji işin təşkili, hərbi psixoloqların hazırlığı, orduda mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb, müxtəlif mövzulara dair brifinqlər təqdim edilib.

Təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Həmçinin nümayəndə heyəti Astana şəhərində yerləşən Milli Müdafiə Universitetində tərbiyəçi zabit və psixoloqların müvafiq tədris prosesi ilə tanış olub, Milli Hərbi Vətənpərvərlik Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib.