Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.
Əvvəlcə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hər iki qardaş və dost ölkələrin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
***
Türkiyə milli müdafiə naziri Yaşar Gülər Ankarada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
“İki sahil”in verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nümayəndə heyətləri arasında da görüş baş tutub.