Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Azərbaycanın Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
“İki sahil” Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib.
II Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzində təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.
Çıxışda 44 Günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, 12-13 sentyabr 2022-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində geniş miqyaslı təxribatlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları, dövlət başçısının tapşırığı əsasında Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan üç rəngli Dövlət bayrağımızın ucaldılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsi xüsusi vurğulanıb.
Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi kimi müqəddəs vəzifə ilə fəxr edən, üçrəngli dövlət bayrağımız altında milli maraqlarımızı ən yüksək səviyyədə qorumaqdan qürur duyan sərhədçilərin gələcəyə inamla baxdıqları, bu inamın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti və onun rəhbərliyi altında əldə edilən qələbələrdən qaynaqlandığı qeyd edilib.
Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust 2023-cü il tarixli sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib.
Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin əlamətdar gün münasibətilə hazırladığı bayram konsertini izləyib, tədbir iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Şərə qarşı” sənədli filmi nümayiş olunub.