17 avqust 2023 01:16
547

Bölgənin şəriksiz güc sahibi

Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki,  Azərbaycan regionda ən güclü orduya malikdir. Hazırda xarici hərbi ekspertlər də Silahlı Qüvvələrimizin həm yüksək mənəvi-psixoloji döyüş hazırlığını, həm də maddi-texniki təminatını ən yüksək səviyyədə dəyərləndirirlər. Vətən müharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir.

Əslində İkinci Qarabağ müharibəsi ordumuz üçün ən böyük  sınaq oldu.  İllərlə keçirilən təlimlər, alınan müasir silah-sursatlar, əsgər və zabitlərimizin hərbi texnikalardan yüksək səviyyədə yararlanmalar ən başlıcası isə vahid komandanlıq sisteminin uğurlu nəticəsi dünyanı heyrətləndirdi. Məhz bu önəmli amillərin mövcudluğu imkan verdi ki, Ermənistanın 30 ildən artıq bir dövrdə  işğal altında saxladığı  torpaqlarımızı qısa müddətdə- cəmi 44 gündə azad edək.

Bu gün Ali Baş Komandanımızın hərbi- siyasi istiqamətdəki əsas prioriteti böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasını ən müasir silah və sursatla təmin etməkdir.  Ona görə ki, tarixi Zəfərimizdən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanatdan doğan müddəaların bir xeyli hissəsini  Ermənistan hələ də yerinə yetirmək istəmir. Bu isə Azərbaycan Ordusunun Qarabağ iştisadi rayonunda daha bir Zəfər döyüşünü həyata keçirməyə və Ermənistanın imzaladığı kapitulyasiya aktının bəndlərini sözsüz yerinə yetirməyə  vadar edəcəkdir. 

O da məlumdur ki, Ermənistan ordusunun bizim torpaqlarmızdakı tör-töküntülərini və separatçıların terrorçu qruplaşmalarının məhv edilməsi üçün ordumuzun həyata keçirəcəyi antiterror əməliyatı hazırdır və Ali Baş Komandanımızın əmrinə uyğun olaraq icra olunacaqdır. Ancaq Azərbaycan dövləti hələ də humanizm prinsiplərinə sadiq qalaraq bu məsələni  beynəlxalq hüquq normalarına uyğun,  qansız- qadasız reallaşdırmağa çalışır. Təbii ki, bizim də səbrimizin bir tükənən yeri var. Vay o gündən ki, səbr limitimiz bitə. Onda Erməistanın ölüm-qalım məsələsi artıq danışıq masalarında deyil, savaş meydanlarında həll ediləcəkdir.

Ermənistan 3 ilə yaxın bir dövrdə  nəinki üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırıb, əksinə bölgədə davamlı təxribatlar törədib. Məhz buna görə də ordumuz 2022-ci ildə bir neçə dəfə  Ermənistanın hərbi təxribatlarına cavab olaraq mükəmməl qisas əməliyyatları keçirərək düşmənə ağır zərbələr vurub. Həmçinin bu ilin iyunun 15-də isə Ermənistan silahlı qüvvələri  Azərbaycan sərhədçilərinin Laçın- Xankəndi yolunun başlanğıcında  qurduqları  sərhəd-buraxılış məntəqəsini atəşə tutublar. Atəş nəticəsində məntəqədə xidmət aparan hərbçimiz yaralanıb. Təbii ki, Azərbaycan Ordusu həmin hərbi təxribatın cavabını artıqlaması ilə verdi. Erməni hərbçilərin atəş açdıqları  post darmadağın edildi , hərbi sursatları və texnikaları məhv edildi.  Ermənistanın Laçında atəşkəsi pozması isə konkret olaraq reinteqrasiya prosesinə mane olmağa hesablanıb.Çünki Qarabağdakı erməni əsilli  vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi gündəmdədir.

Digər tərəfdən bu ilin may ayından başlayaraq Laçına Böyük qayıdış prosesinə start verilməsi Ermənistandakı  revanşistləri  ciddi şəkildə narahat edir. Əslində, onların bu tip təxribatları  31 ildən sonra doğma yurdlarına qayıdan əhalini qorxutmaq üçündür. Lakin nə xalqımız, nə də ki, ordumuz belə cılız erməni rəzilliyinə boyun əyməzlər.

Bu, bir reallıqdır ki, hazırda ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik  Zakir Həsənov  mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib. Müzəffər Ali Baş Komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.

Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.

Ali Baş Komandanımızın tapşırıqlarından biri də komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Komando briqadalarının  yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan komando hərbi hissələri ermənilərin qorxulu röyasına çevrilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan hərbi infrastruktur müasir Avropa hərbi infrastrukturu kimi ən mükəmməl formadadır. Yeni dizaynlı əsgər kazarmaları, müasir hərbi -təlim bazaları,  səngərlər və döyüş məntəqələri ordumuzun döyüş qabiliyyətini daha da artırmağa xidmət edir. Hətta xarici hərbi ekspertlər müasir Azərbaycan Ordusu üçün yaradılan müasir infrastrukturdan heyranlıqla bəhs edirlər. Əvəzində Ermənistan ordusunun daş- kəsəkdən, köhnə çadırlardan qurulan kazarmaları  və döyüş bazaları gülüş hədəfinə çevrilib.

Elçin Zaman, «İki sahil»