29 iyul 2023 20:42
878

"Qoy işığı yandırım" kitabının təqdimat və imza günü

İyulun 29-da Nizami Kino Mərkəzində “Mind Academy MMC”nin təsisçisi, rəhbəri, şəxsi inkişaf üzrə məşqçi Gülgün Quliyeva müəllifi olduğu “Qoy işığı yandırım” adlı ilk kitabını geniş oxucu auditoriyasına təqdim edib.

Tədbirdə “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, tanınmış şair, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli, oxucular və media nümayəndələri iştirak edib.

Əvvəlcə tədbirdə kitab müəllifinin tərcümeyi-halı, həyat və fəaliyyəti haqqında verilib. Qeyd edilib ki, istedadlı şair Vaqif Bəhmənlinin redaktoru olduğu  kitab “Təhsil” nəşriyyatında işıq üzü görüb, üz qabığının müəllifi isə tərtibatçısı Əziz Sadıqzadə, illüstrasiyaların müəllifi Narınc Mustafayevadır.

Tədbiri giriş sözü ilə açan kitabın müəllifi Gülgün Quliyeva qələmə aldığı kitab haqda qısaca məlumat verib: “Özümün kimliyi, haradan gəlib hara getməyi, üzləşdiyimiz həyat problemləri, bəzən baş aça bilmədiyimiz dolanbaclar, bizi qoynuna alıb aparan burulğanlar həmişə, lap uşaq yaşlarımdan məni düşündürüb: “Həyatımın 25-30 ilini məhz bu suallara cavab axtarmaqla keçirmişəm. Bu gün sizlərə təqdim olunan kitab da məhz həmin axtarışların bəhrəsi olaraq araya-ərsəyə gəldi.”

G.Quliyeva qeyd edib ki, “Qoy işığı yandırım” ardınca aparmaq istədiyi oxucuya, arzu, istək vurğunlarına hökm etmir, yaşam variantlarını nişan verir: “Bu kitab hər bir oxucunun qaranlıq dünyasına işıq salacaq. Bu, sadəcə kitab deyil, çətin həyat yollarında sıxıntılardan xilas olmağın ən uğurlu layihəsini canlandıran könül təsviri, könüllü çağırış, oxuculara doğru uzanmış xeyirxah, etibarlı və düşərli əldir.”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxışında bildirib ki, Gülgünün əksər qismi real təcrübələrdən, intellektual fəjmdən və ən əsası indiyədək deyilməmiş orijinal mühakimələrdən qaynaqlanan “Qoy işığı yandırım” kitabından həyəcan hissi keçirmədən, bu vaxta qədər olmayan yeni düşüncələrə dalmadan və həm də özündə yaxşıya, xeyirə, əzmə doğru dəyişikliyi, duymadan ayrılmaq mümkün deyil. Qeyd edib ki, müəllifin geniş izləyici auditoriyası qazanan "İnstaqram", "Facebook" və "Tik-tok" sosial şəbəkələrində mütəmadi yayımlanan maarifləndirmə videolarının əsas məğzi məhz "Qoy işığı yandırım" əsərində cəmləşib.

Ə.Amaşov vurğulayıb ki, hətta ilk baxışda bizim bildiyimiz, yaşadığımız və tanış duyğuların alt qatında anlaya və duya bilmədiyimiz çox şeylər yatır, onların hamısını işığa çıxarmaq lazımdır və Gülgünün yandırdığı işıq bu mənada çox gərəkli və hər kəsə lazım ola bilən bir işıqdır.”

Daha sonra tədbirdə müəllifin yaxın rəfiqələri çıxış edərək istedadlı yazara yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda tədbir iştirakçıları imza masasına dəvət olunub, müəllifdən avtoqraf alaraq onunla xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Gülgün Quliyeva Bakı şəhərində anadan olub. Bu kitabı yazana qədər paytaxtın 23 sayılı orta məktəbində ibtidai təhsilə başlamış, Bakı Slavyan Universitetinin nəzdindəki liseydə orta məktəbi başa vurmuş, Qərb Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakütləsini bitirmiş, 2 il İzmir şəhərində şəxsi inkişaf üzrə təlimçi ixtisası üzrə təhsil almışdır. O, tanınmış şair Vaqif Bəhmənli və jurnalist, redaktor Rəhilə Gülgünün qızıdır.

Cavid Əkbərov, "İki sahil"