"Azərbaycanlı mühəndislərlə dron və PUA-ları inkişaf etdirmək üçün fəaliyyətimizə başlamışıq".
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan stendini ziyarət edəndən sonra jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, ağıllı, süni intellektlə təchiz olunmuş yeni nəsil silahlar artıq dünya gündəmindədir:
"Ölkəmizin bu sahədə inkişaf etməsi və həmin inkişafın nəticəsi olan silah sənayemizin nümunələrini burada görmək bizim üçün qururvericidir. Bütün dünyadan “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə böyük maraq var".
S.Bayraktar sərgidə nümayiş olunan Azərbaycanın stendindən də danışıb:
"Biz Azərbaycanda da fəaliyyətimizi davam etdiririk və burada da gənc mühəndis qardaşlarımızla birgə bizi tam müstəqil edəcək yüksək texnologiyanı inkişaf etdirmək üçün çalışacağıq. Hazırda onlarla ağıllı və insansız sistemləri inkişaf etdirmək üçün fəaliyyətimizə başlamışıq".