23 iyul 2023 17:06
748

Şuşada fotoqraflar üçün ustad dərsi keçirilib

İyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibəti ilə “4-cü Sənaye İnqılabı dövründə yeni media” Forumu çərçivəsində yerli fotoqraflar üçün tanınmış rusiyalı fotojurnalist Sergey Kivrin tərəfindən ustad dərsi keçirilib.

“İki sahil” xəbər verir ki, “Gilavar Foto Klubu” ictimai birliyinin “PeşəkarSƏN” proqramının növbəti belə təlimində 12 gənc fotoqraf iştirak edib.

İlk dəfə Şuşada olmağın sevincini yaşayan gənclər təlimdən əvvəl şəhəri gəziblər. Fotoqraflar öz gələcək arxivləri üçün Cıdır düzündə, Molla Pənah Vaqifin türbəsi, Xan qızı Natəvanın dağıdılmış evinin qarşısında, Şuşa qalasında və mədəniyyət paytaxtının digər görməli yerlərində fotolar çəkiblər.

Tədbirin əvvəlində, təlimçi gənc iştirakçılara öz peşəkar fəaliyyəti haqqında məlumat verib, uzun illər ərzində çəkilən fotoları nümayiş etdirib.

Təlim zamanı gənc fotoqraflar foto sənətinin bir çox sirlərini öyrənmək imkanını əldə ediblər.

Sonra Sergey Kivrin iştirakçıları maraqlandıran sualları cavablayıb.

Sonda ustad dərslərində iştirak edən fotoqraflara rusiyalı fotoqraf Sergey Kivrinin imzası ilə sertifikatlar verilib. Öz növbəsində Gilavar Foto Klubu tərəfindən qonağa fotoqraflar adından tarixi Şuşa şəhərini xatırladan xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, Qlobal Forumda Sergey Kivrinin və azərbaycanlı fotoqrafların 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dövrlərdə işğaldan azad olunmuş torpaqlarda çəkdiyi fotolar sərgilənib. Sərgidə Rəşad Mehdiyev, Famil Mahmudbəyli, Kərim Abbasov, Elxan Qəniyev, Murad Orucov, Roman İsmayılov, Orxan Əzim və Vüqar İbadovun şəkilləri yer alıb.