Məlum olduğu kimi, aprelin 9-da Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda 2018-ci ilin iqtisadi artımları və bu artımları şərtləndirən amillər təhlil edildi. Birinci rübdəki iqtisadi artımlar, mövcud vəziyyət və perspektivlər ətrafındakı suallarımızı iqtisadçı ekspert Vüqar Bayramov cavablandırır
- Vüqar müəllim, ilk olaraq 2018-ci ilin birinci rübünün nəticələrinin əsasında iqtisadi inkişaf göstəricilərimizə və artımın əsasında dayanan amillərə nəzər salaq.
-2018-ci ilin birinci rübünün yekunları bizim üçün çox vacib idi. Nəzərə alsaq ki, 2017-ci ildə iqtisadi stabilliyin əldə edilməsi 2018-ci ildə daha sürətli iqtisadi artım üçün xüsusi baza formalaşdırır. 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün vacib illərdən biri idi. Çünki 2016-cı ildə həm makroiqtisadi stabilliyin əldə edilməsi istiqamətində işlərin həyata keçirilməsi, daha sonra 2017-ci ilin “stabillik ili” kimi öncədən proqnozlaşdırılması və uğur əldə edilməsi bu ilin xüsusilə birinci rübü üçün bütün makroiqtisadi göstəricilər baxımından təməl formalaşdırmışdı. Təbii ki, biz 2018-ci ilin birinci rübünün yekunlarına diqqət yetirsək, aydın görərik ki, ötən ildə olduğu kimi, bu ildə də qeyri-neft ixracatında artım tempi davam edir. Ötən il bütövlükdə Azərbaycanın qeyri-neft ixracatı ilk dəfə 1,5 milyard dollardan artıq oldu. Bu, əvvəlki illərlə müqayisədə 24 faiz çox idi. Eyni zamanda, 2018-ci ilin birinci rübündə qeyri-neft sektoru 37 faiz artıb. Eləcə də makroiqtisadi göstəricilərə diqqət yetirsək görərik ki, ümumi daxili məhsuldakı artım tempi qorunub saxlanılır. Bu sahədə 2,3 faiz artım var. Sənayedə 2 faiz, qeyri-neft sənayesində isə artım tempi 10 faizdir. Aqrar sektorda 4,2 faiz artım qeydə alınıb. Bütün makroiqtisadi göstəricilərdə praktik olaraq artım tempini qoruyub saxlamaq mümkün olub. Əslində 2018-ci ilin öncədən proqnozları artımdan xəbər verirdi. Çünki 2018-ci il əslində son vaxtlar yeganə illərdəndir ki, bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi artımı proqnozlaşdırırdı. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən proqnozlaşdırılan artım təsdiqini tapdı. Bu ilin orta aylıq iqtisadi artımı 1,5-2 faiz kimi qiymətləndirilir. Bu, daha nikbin proqnozlara nail olmaq baxımından önəmlidir. Eyni zamanda, bütün makroiqtisadi göstəricilərdə qeyri-neft sektoruna aid olan bölmələrdə daha çox artım müşahidə olunur. Bu isə çox müsbət bir haldır.
- O zaman deyə bilərikmi ki, neftdən asılılığın minimuma endirilməsi istiqamətində görülən işlər bəhrəsini verməkdədir?
- Təbii. Neftdən asılılığın minimuma endirilməsi hədəfdir. Məsələn, aqrar sektor qeyri-neft ixracatında əhəmiyyətli paya malik olan sektordur. Azərbaycanın qeyri-neft ixracatının 60 faizi bu sektorun payına düşür. 2020-ci ilə qədər olan dövrdə hüquqi bazanın formalaşdırlması və təbii ki, dövlətin təşviq siyasəti önəmlidir. Aqrar sektorda dövlətin təşviq siyasəti keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu, həm özünü subsidiyaların həcminin artırılmasında, həm də subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsində göstərir. Subsidiyalar yalnız sahəyə görə deyil, istehsal olunan məhsula görə dəyişir. Nəticə etibarilə, fermer nə qədər çox məhsul istehsal edirsə, o qədər çox dövlətdən dəstək və subsidiya almaq imkanına malik olur. Bu da təbii ki, stimuldur. Azərbaycan MDB-də azsaylı ölkələrdəndir ki, ixracatda subsidiya mexanizmini tətbiq edir. Bu, o deməkdir ki, məhsul istehsal edən sahibkar həmin subsidiyanı alır, məhsul istehsal edir, torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olur. Məhsul bazara çıxarılır. Nəticə etibarilə, sahibkar gəlir əldə etdikdən sonra da dövlətdən əvəzsiz yardım almaq imkanına malik olur.
- Bu ilin birinci rübünün yekunlarına görə, əhalinin gəlirləri infilyasiyanı üstələməkdədir. Bu, bizə nələr vəd edir?
-Sosial sferada həyata keçirilən islahatların sürətləndirilməsi əsas hədəflərdəndir. Ümumiyyətlə, dövlət siyasətinin əsası ondan ibarətdir ki, sosial hədəflər və sfera iqtisadi hədəflərdən daha öndə dursun. Bütün iqtisadi islahatların önündə sosial təminatın yaxşılaşdırılması və əhalinin gəlirlərinin daha da artırılması durur. Sözsüz ki, əhalinin gəlirlərinin reallığı baxımından inflyasiya göstəricisi çox vacibdir. 2018-ci ilin birinci rübünün göstəricilərinə görə, inflyasiya birrəqəmli yəni, 4 faizdir. Bu da imkan verir ki, əhalinin gəlirlərindəki artımlar infilyasiya tərəfindən yeyilməsin. Bu, çox vacib məqamdır. Çünki bir sıra məqamlarda artımlar ola bilər, amma inflyasiyanın səviyyəsi əhalinin gəlirlərindəki faizi üstələyə bilər. Birinci rübün yekunları onu göstərdi ki, əhalinin gəlirlərindəki artım tempi infilyasiyanın səviyyəsindən yüksəkdir. 2018-ci il həm də özünəməşğulluq proqramının genişləndirilməsi kimi yadda qalacaq. Bu ildə gəlir mənbələri hesabına əldə olunan vəsait özünə məşğulluğa yönəldiləcək. Bu proqram həm məşğulluğun təmin edilməsi, həm də ümumiyyətlə, sosial təminat baxımından yeni bir yanaşmadır. Nəticə etibarilə dövlət əvəzsiz olaraq ünvanlı sosial yardım alan aztəminatlı ailələrə vəsait təklif etməklə, onları özünü məşğul sahibkara çevrilmələrinə yardım edir. 2018-ci ildə də bu proses davam edəcək.
- Bu ilin ikinci rübündə TANAP layihəsinin işə düşməsi də planlaşdırılır. Bu layihənin ölkədəki iqtisadi aktivliyə, artıma təsiri barədə nə deyə bilərsiniz?
- Bəli, bu layihə Azərbaycan üçün olduqca önəmli layihələrdəndir. Bildiyiniz kimi, “Cənubi Qaz Dəhlizi” layihəsinin reallaşması birbaşa Azərbaycanın siyasi iradəsi nəticəsində mümkün oldu və ölkəmizə bu layihənin reallaşmaması üçün çox fərqli münasibətlər göstərildi. Amma Azərbaycan Prezidentinin siyasi iradəsi və dəstəyi nəticəsində “Cənub Qaz Dəhlizi” layihəsi reallaşdı. Azərbaycan layihənin təşəbbüskarıdır, onun reallaşmasına dəstək verən ölkədir. Layihənin büdcəsi əvvəl 45 milyard dollar idi, daha sonra 40 milyard dollara qədər azaldı. Büdcənin böyük olmasına baxmayaraq, layihə, eyni zamanda, dünyanın ən böyük invsetisiya layihəsi kimi qiymətləndirilir. Bununla yanaşı, layihənin 2019-cu ildə işə düşməsi planlaşdırılsa da, artıq proses bu il mümkün olacaq. Bu tarixi hadisənin 2018-ci il sentyabrın 20-si, Neftçilər Günündə reallaşması gözlənilir. Azərbaycan TANAP vasitəsilə Türkiyə bazarına 8 milyard kubmetr əlavə mavi qaz nəql etmək imkanına malik olacaq. Bildiyiniz kimi, “Cənub Qaz Dəhlizi” təkcə TANAP layihəsindən ibarət deyil, eyni zamanda burada TAP layihəsi də var. Söhbət Avropa bazarına mavi qazın çıxarılmasından gedir. Azərbaycan bu prosesdə dünya bazarına ilkin mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr təbii qaz çıxaracaq. Eyni zamanda, növbəti illərdə təbii qaz ixracatının 45 milyard kubmetrə qədər artırılması gözlənilir. Azərbaycan Türkiyə və Avropa bazarına mavi qaz nəql etməklə dövlət gəlirlərini məhz bu istqamətdə əldə edilən vəsaitlər hesabına daha da artıra və gücləndirə biləcək. İlkin qiymətləndirmələrə görə bu, ölkəyə 100 milyard dollardan artıq vəsaitin daxil olmasına imkan yaradacaq. Biz bir tərəfdən neft ölkəsi statusunu qoruyub saxlayırıq, digər tərəfdən mavi qaz ixracatında regionda aparıcı mövqeyə malik olmağa çalışırıq. Digər tərəfdən isə hər iki sektordan əldə edilən gəlirlər qeyri-neft ixracatına yatırılır.
- Neft sektorundan söz düşmüşkən, hazırda “qara qızıl”ın dünya bazarında qiyməti barədə də fikirlərinizi öyrənmək istərdik. Neftin hazırki qiymətləri Azərbaycanın maraqlarına uyğundur. Necə düşünürsünüz, ilin sonuna qədər bu qiymət öz yerini qoruyub saxlaya biləcəkmi?
- Bəli, mövcud qiymət Azərbaycanın maraqlarına uyğundur. Çünki 2018-ci il üçün neftin Azərbaycan büdcəsində nəzərdə tutulan qiyməti 45 dollardır. Hazırda “Azəri Layt” markalı neftin bir barelinin dünya bazarında satış qiyməti təxminən 74 dollardır. Nəticə etibarilə 30 dollar artıq qiymət deməkdir. Təbii ki, bu qiymət nəzərdə tutulan fəaliyyətlərin artırılması baxımından çox vacibdir. Neftin son qiymət artımında siyasi səbəblər də var. Bütün hallarda əslində siyasi müdaxilə olmasa neftin bazar qiyməti 60-70 dollar intervalıdır. Bu interval Azərbaycanın iqtisadi maraqlarına birbaşa uyğundur.
Şəfiqə Dadaşova,
Şəmsiyyə Əliqızı, “İki sahil”
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır