Dünyada və ölkədə baş verən ən son siyasi hadisələr barədə ən maraqlı politoloq şərhi təqdim edən müsahibəmizin budəfəki qonağı politoloq Elçin Mirzəbəylidir. Politoloq hazırda Ermənsitanda baş verən hadisələr, işğtişaşların əsasında duran səbəblər və Ermənistanı gözləyən gələcək proseslər haqqında suallarımızı cavablandırdı.
- Elçin müəllim, ümumiyyətlə, Ermənistanda nə baş verir?
-Əslində Ermənistanda baş verən prosesləri tam dəqiqliklə incələmək üçün konstitusiya islahatlarından öncəki dövrə nəzər salmaq lazımdır. Bildiyiniz kimi, Ermənistanda konstitusiya islahatları keçirildi. Daha doğrusu konstitusiya islahatları adı altında Sarkisyanın yenidən öz vəzifəsində və hakimiyyətdə qalmaq iddiaları müəyyən qədər təmin olundu. Lakin həmin dövrdə Sarkisyan Ermənistan cəmiyyətinə müraciət edərək bildirdi ki, əgər konstitusiya dəyişikliklərinə səs verilərsə və Ermənistan parlament modelli respublikaya keçərsə, o, hər hansı bir formada hakimiyyətdə təmsil olunmayacaq. Amma seçkilərdən dərhal sonra iddialarını ortaya qoydu. Onun açıq şəkildə yalan danışması Ermənistan cəmiyyətində sərt reaksiyaya səbəb oldu. Onsuz da Sarkisyanı sevmirdilər. Ermənistandakı bu prosesləri demokratik proseslər kimi dəyərləndirənlər kökündən yalnışlığa yol verirlər. Çünki proses iki klan arasında gedir, eyni zamanda, hadisələrə erməni diasporunun da açıq şəkildə dəstək verdiyini görmək mümkündür. Prosesdə Ermənistan parlamentində cəmi 9 yerlə təmsil olunan Çıxış – “Yelk” fraksiyası aktivlik edir. Bu fraksiya isə üç partiyadan təşkil olunub. Maraqlı orasındadır ki, üç partiyadan yalnız birinin lideri proseslərdə aktivdir. Bu, Nikol Paşinyandır. Lakin bütövlükdə prosesləri izlədikdə, hadisələrdə gənclərin, xüsusilə də tələbələrin aktiv şəkildə iştirakını gördükdə, hətta Paşinyanın həbsindən sonra belə aksiyaların daha geniş vüsət aldığını və o mütəşəkkilliyin itirlmədiyini gördükdə belə qərara gəlmək olar ki, proses artıq uzun müddətdir ki, hazırlanıb. Birdən-birə, idarə olunmadan baş verən aksiyalar deyil.
Hadisələri canlı yayımda izlədim. Bildiyiniz kimi, artıq hərbçilər də prosesə qouşulublar və onların sayı gündən-günə artır. İlk olaraq 10 nəfər hərbçi qoşulmuşdu, daha sonra 50 nəfər qoşuldu. Hazırda isə mindən çox hərbiçi bu prosesdə iştirak edir. Onlar aksiyaların önündə hərəkət edirlər. Bu, Ermənistan cəmiyyəti üçün çox önəmli bir faktordur. Ən önəmli faktor aksiyalar erməni kilsəsinin qoşulmasıdır. Erməni kilsəsi Ermənistanda siyasi prosesləri idarə edən və açıq şəkildə hadisələrə təsir etmək imkanına malik olan qüvvədir. Bunu açıq şəkildə etiraf etmək lazımdır. Erməni kilsəsi ilə diasporunun da sıx əlaqələri var. Əlaəqlər nəticəsində kilsə də Sarkisyanın hakimiyyətdən getməyi ilə razılaşır. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində sarkisyan əleyhinə aksiyalar keçirilir. Bu, erməni diasporunun güclü olduğu ABŞ Los-Anceles şəhərində, daha sonra Parisdə və Marseldə belə aksiyalar keçirilir. Hansı ki, bu ərazilərdə yaşayan ermənilərin sayı kifayət qədərdir. Eyni zamanda, Brüsseldə, Moskvanın özündə aksiyalara dəstək mitinqləri keçirilir. Maraqlı məqam ondan ibarətdir ki, hətta bu mitinqlərdə iştirak edənlərin sayı bu günə qədər erməni diasporunun mövcudluğunu və həmrəyliyini təşkil edən “qondarma soyqırımı” ilə bağlı təşkil olunan aksiyalardan daha mütəşəkkildir. Bu da sübuta yetirir ki, diaspor da bu prosesin içərisindədir və kənardan da olsa aksiyaların təşkil olunmasında iştirak edir.
- Ermənistandakı aksiyalar hökuməti devirəcək qədər mütəşəkkil oldu.
- Aksiyalardan göründü ki, hətta aksiyaların liderlərinin həbs olunmalarına baxmayaraq, daha doğrusu, bizim nəzərimizdə lider kimi görünən insanların həbs olunmalarına baxmayaraq, qatılan insanların sayı gündən-günə artır. Universitetlər ayrı-ayrılıqda mütəşəkkil şəkildə öz şüarları ilə aksiyalara qatılırlar. Ümumiyyətlə, kütləvi aksiyalar haqqında təsəvvürü olan insanlar canlı yayımları izləməklə nəyin baş verdiyinin fərqində ola bilərlər. Kilsənin və hərbçilərin aksiyaya qatılması o demək idi ki, proses ciddi şəkil halıb. Serj Sarkisyanın o halda iki yolu var idi. Ya istefa verib getməli, ya da dialoq olmalı idi.
- Sarkisyan birincini seçdi. Sizcə, bundan sonra Ermənistanı nələr gözləyir?
-İndi çox güman ki, Ermənistanda baş nazir kürsüsü uğrunda mübarizə başlayacaq. Çünki hərbçilərin aksiyaya qatılması prosesdə qırılma nöqtəsi oldu və Ermənistanda da hərbçilərin prosesə qatılması Kremlin iştirakı olmadan mümkün deyildi. İndi mübarizə çox güman ki, Rusiya ilə Qərb arasında gedəcək. Əgər yeni baş nazir Paşinyan və onu müdafiə edən xarici dairələrin marağını təmin etməyəcəksə, o zaman Ermənistan yenidən çalxalanacaq.
- Sizcə Ermənistanda baş verən iğtişaşlarda, keçirilən aksiyalarda Qərbin rolu nədən ibarət idi?
- Qənaətimə görə, burada daha çox erməni diasporunun rolunu axtarmaq lazımdır. “Yelk” fraksiyası bütövlükdə Qərbə daha yaxın olan, Rusiyanın nəzarəti altında olan birliklərə qarşı çıxan bir fraksiyadır. Digər tərəfdən, bu fraksiyanın ətrafında olan qeyri-hökumət təşkilatları Avropa İttifaqı və ABŞ-ın qeyri-hökumət təşkilatları ilə yaxından əlaqədə olan təşkilatlar hesab olunurlar. Amma erməni lobbisi və Qərb institutlarının içində olan adamlardır. Onlar kənarda dayanan adamlar deyillər. Bu proses düşünlmüş şəkildə hazırlanıb. Şübhəsiz ki, belə olan təqdirdə Qərb liderlərinin, xüsusilə də Donal Trampın keçirilən aksiyalara və qondarma “soyqırımı” ilə bağlı səsləndiriləcək bəyanatında hansı fikrilərin yer alacağı çox maraqlıdır. Bu fikirlərdən əslində Ermənistanda baş verən proseslərin mahiyyəti üzə çıxacaq.
- Rusiyanın Ermənistana olan marağını hər kəs bilir. Bu iki dövlətin biri-biri ilə olan münasibətləri gizli də deyil. Amma aprelin 13-dən Ermənistanda başlanan bu proseslərə Rusiya tərəfdən bir münasibət göstərilmədi. Rusiyanın proseslərə səssiz qalmasının səbəbini nədə görürsünüz?
- Rəsmi şəkildə münasibət bildirilmədi. Bildirilə də bilməz. Çünki baxmayaraq ki, Rusiyanın Ermənsitana təsir imkanları böyükdür, lakin indiki vəziyyətdə söhbət seçki prosesindən sonrakı faktorlardan hadisələrdən gedir. Digər tərəfdən, Rusiyanın özü ilə də bağlı vəziyyət o qədər ürək açan deyil. Tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatına ciddi şəkildə ziyan vurub. Əslində Ermənistanda baş verən hadisələr bu sanksiyalarla da əlaqəlidir. Çünki Rusiyaya tətbiq olunan sanksiyaların böyük hissəsi Ermənistanın özünə də təsir göstərir. İndiki halda bunun həm də “Çıxış” fraksiyası adlandırılması da təsadüfi deyil. Onlar vəziyyətdən çıxış yolu kimi, mərkəzdən yəni Moskvadan qaçmaq meyillərini ortaya qoyublar.
- Demək olarmı ki, aksiyaları Sarkisyanın özü təşkil etmişdi? Bununla o, dünyaya erməni xalqının demokratikliyini göstərmək istəyirdi?
- Absurd məsələdir. Bununla bağlı səsləndirilən iddiaları da gülünc hesab edirəm. Xüsusilə də xalqın nifrətini qazanmış bir siyasətçi 50-100 min insanın onun əleyhinə aksiya keçirməsini arzulayar mı ki?! Aksyaların sonunun hara gedəcəyi də bəlli deyil. Hansı demokratik görüntüdən söhbət gedə bilər ki, insanlara qarşı vəhşicəsinə davranışlar sərgilənir. Hətta toxunulmazlıqları olduğu halda dörd nəfər deputat həbs olunmuşdu. Bütün bunlar Sarkisyanın mənfi saldosuna yazılan informasiyalardır. Nəticəsini bilmədən belə bir şeyə necə gedə bilərki?! Ölkədə ona qarşı ciddi nifrətin olduğunu dərk edərək. Təbii ki, Sarkisyan ola bilsin hansısa kiçik etiraz aksiyaları qurmağa cəhd göstərərdi. Amma bu qədər böyük və ölkəni əhatə edən kütləvi aksiyalarla bunu həyata keçirmək mümkün deyil. Nəzərinizə çatdırım ki, bütövlükdə Ermənistanın və İrəvanın xəritəsini qarşıma qoydum. Aksiyaçılar tərəfindən bağlanılan yolların, haradan keçdiyini ciddi şəkildə araşdırdıqdan sonra qənaətə gəldim ki, hətta öncədən, bəlkə də bir neçə il öncədən bu proseslər planlaşdırılmışdı.
- Hazırda işğalçı ölkədəki mövcud durumda onun işğalçılıq siyasətinin rolu varmı?
-Şübhəsiz. Onların siyasətçiləri bunu açıq şəkildə bəyan edirlər. Hətta Nikol Paşanyanın etiraz aksiyalarının ilk günündə səsləndirdiyi bir fikir var idi. Demişdi ki, Sarkisyan hakimiyyətdə qalarsa, Ermənistan Qərbi Azərbaycana çevriləcək. Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bununla bağlı bəyanatları var ki, azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar. Artıq Ermənistan cəmiyyətində ciddi şəkildə qəbul olunur bütün bu bəyanatlar və Azərbaycanın potensial gücü, bunun qarşılığında Ermənsitanın düşdüyü durum ağlı olan və Ermənistanın gələcəyini düşünən insanlar tərəfindən müzakirə olunur.
- Son olaraq Sarkisyanın parlamentdə səsləndirdiyi “Ermənsitan 2016-cı ilin Ermənsitanı deyil” fikirinə şərhiniz maraqlıdır.
-Absurd iddialardır. Ümumiyyətlə, Sarkisyanın səsləndirdiyi fikirlər təkcə bizim cəmiyyətimizdə yox, Ermənistan cəmiyyətində də gülünc doğurur. Əgər Ermənistan 2016-cı ilin Ermənistanı deyilsə, o zaman 1998-ci ilin Ermənistanıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1998-ci ildə hansı hadisələr baş vermişdisə, daha sonra o prosesin qarşısı 1999-cu ildə Ermənistan parlamentində baş verən gülləbaranla alındı . Qənaətimə görə, hazırda Ermənistan 1998-ci ildəki dövrü yaşayır. Prosesləri o cür dəyərləndirmək olar.
Şəfiqə Dadaşova,
Şəmsiyyə Əliqızı, “İki sahil”