08 iyul 2023 14:00
636

“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başa çatdı

İyulun 3-də başlanan və beş gün davam edən Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.

“İki sahil” xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş mahnı və rəqs ansambllarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar festival günlərində Ümummilli Liderin xatirəsinə həsr olunan konsert proqramları təqdim edilib.

İyulun 7-də günorta saatlarında tamaşaçılara Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti təqdim olunub, “Yuxarı Karvansaray”da Şəkinin “Zirvə” Folklor Ansamblının konserti olub. Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər.

Mərasimdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə minnətdarlığını bildirib.

Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevə festivalın simvolu təqdim edilib.

Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə xatirə hədiyyələri təqdim olunub.

“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.