İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək özəl tarixlərdən biri də “Son zəng” günüdür. Körpə fidanlar 11 il öncə qədəm qoyduqları doğma məktəblərinə, əziz müəllimlərinə bu gün son dəfə çalınan zəngin sədaları altında əlvida söyləyirlər. 11-cilər qəlblərinin simlərini titrədən bu zəng ilə tənəffüs üçün dəhlizə yox, uşaqlığın, yeniyetməliyin bitdiyi, gəncliyin başladığı dönəmə qədəm qoyurlar…

Məzunlar təkcə məktəblə deyil, yarıyuxulu, yarıoyaq valideynlərinin əlindən tutub dərsə gəldikləri ilk günlə, bəzən bəhanə ilə məktəbə getməmək üçün danışdıqları yalanla, əzbərləyə bilmədikləri şeirlə, unutduqları ev tapşırığı ilə, qarışdırdıqları vurma cədvəli ilə, paltarlarına düşən təbaşir tozu ilə, balaca çiyinlərində daşıdıqları məktəb çantaları ilə, hər gün qarşısına çıxdıqları lövhə ilə, qələm tutmağı öyrədən müəllimləri də vidalaşırlar. Bir sözlə, 11-cilər məktəb xatirələrinə son zəngin sədaları altında əlvida deyirlər.
İyunun 14-də bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Xətai rayonundakı Humanitar fənlər təmayüllü məktəb-liseydə də məzunlar üçün son zəng çalındı.
Məktəbin həyətinə daxil olarkən oraya toplaşan müəllim və məzunların təlaşlı olduğu kənardan aydın hiss olunurdu. Valideynlər də övladları qədər həyəcanlı idilər. Onlar əllərində gül-çiçək övladlarının məktəbdə sonuncu dəfə izləyirdilər.
“İki sahil” əməkdaşlarının izlədikləri tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərova əvvəlcə məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik etdi və təhsil ocağının uğurları haqqında geniş məlumat verdi. Direktor sərbəst həyata qədəm qoyan məzunlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu çətin və şərəfli yolda böyük müvəffəqiyyətlər arzuladı. Direktor dövlətimiz tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açdı.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məzunlara gələcək həyat və təhsillərində nailiyyətlər arzuladı. Elnur Əliyev gənc nəsildə təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasının ən ümdə məsələlərdən olduğunu bildirdi. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən şöbə müdiri onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirdi.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Məhəmməd İbrahimov icra başçısı Rafiq Quluyevin adından məzunları təbrik etdi, onlara yeni həyat mərhələsində uğurlar arzuladı.
Unudulmaz günün hərarətinə toplaşan müəllimlər məzunlara könül dolusu uğurlar arzuladılar. Məzunlar qarşısında geniş üfüqlər açıldığı vurğulandı.
Tədbirdə tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş liseyin şagirdlərinə Fəxri fərman və diplomlar verildi.
Rəsmi hissə bitdikdən sonra meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Mərasim məzunların hazırladıqları maraqlı mahnı və rəqslərdən ibarət ədəbi-bədii kompozisiyalarla davam etdirildi. Sehrli "Bilik açarı"nı liseyin onuncu sinif şagirdlərinə verən məzunlar məktəbə əlvida dedilər. Sonda son zəng çalındı, səmaya göyərçinlər buraxıldı.
Beləliklə, məktəbə vida edən on birincilər məktəb xatirələrinin sonuncu səhifəsinə də bu başlığı yazdılar : SON ZƏNG…
Biz də öz növbəmizdə məzunların hər birinə gəncliyin verdiyi fürsətlərdən yararlanmağı, düzgün sənət seçməyi, müstəqil həyata doğru sağlam və uğur dolu əmin addımlarla irəliləməyi arzu edirik. Məktəbin son, müstəqil həyatınızın ilk zənginin sədası daim yüksəklərdən gəlsin.
Qeyd edək ki, bu il 2022-2023-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində 98649 nəfər XI sinfi bitirir. Bütövlükdə 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib.
Yaqut Ağaşahqızı, “İki sahil”