10 iyun 2023 00:23
466

Ucuz qiymət, keyfiyyətsiz xidmət: Kimə lazımdır?

Taksilərin fəaliyyəti tənzimlənməli, bu sahəyə nəzarət gücləndirilməlidir. Əks halda bu xəmir hələ çox su aparacaq …

Bu gün taksilər kimi onlardan istifadə edənlərin də  sayı kifayət qədərdir.  Bu sahədəki boşluqlar və nöqsanlar da gündəmin ən çox müzakirə edilən mövzularındandır. Hazırda sürücülərin peşəkarlıq səviyyəsi, onların etik davranışının nə səviyyədə olması ilə bağlı prosedurun tətbiq olunmaması keyfiyyətsiz taksi fəaliyyətinə səbəb olur. Xidmət sahəsinin əlçatanlığı və qiymətlərin ucuz olması hər nə qədər müsbət olsa da, sərnişinlərin cangüvənliyinin olmaması vətəndaşların taksi xidmətindən imtinasına rəvac verir. Eyni zamanda, paytaxtda taksi kimi fəaliyyət göstərən avtomobillərin  sayının artması da yollarda təhlükəli vəziyyət, tıxac yaradır.

Narazılıq edən sadəcə sərnişinlər deyil, xarici taksi şirkətlərində çalışan sürücülər iş saatının çox, gəlirlərin isə az olmasından şikayətçidir. Eyni zamanda, qeyd etmək lazımdır ki, taksi xidmətində tənzimləmələr doğru həyata keçirilmir. Məsələn, işə götürülən sürücülər həmin şirkətlər tərəfindən təlimatlandırılmır. Sürücülər üçün asan olan tərəf isə heç bir imtahan və ya tibbi yoxlanışdan keçmədən 5 dəqiqə ərzində onlayn və ya "WhatsApp" tətbiqi vasitəsi ilə qeydiyyatdan keçmə imkanlarının olmasıdır. Məhz buna görə də müştəri şikayətlərinin ardı-arası kəsilmir.

Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobillərinə dair tələblərə görə, taksilər onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri qismində müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. Taksi minik avtomobilləri "ABS" əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi , sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir.

Qərarda bir sıra digər normativlər də nəzərdə tutulub. Ancaq həmin normativlərin əksəriyyətinin tətbiqinə indiyədək nail olunmayıb. Burada qərar qəbul olunandan az sonra başlayan pandemiya da öz mənfi rolunu oynayıb. Pandemiya dövründə bir sıra digər sahələrdə olduğu kimi, taksi xidmətində də müəyyən məhdudiyyətlər tətbiq olundu ki, bu da normativlərin tətbiqini təxirə salmaq məcburiyyəti yaratdı.

Mövcud problemləri dərindən öyrənmək və müvafiq həll yolları təklif etmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsləhətçi şirkətlərin də iştirakı ilə araşdırma həyata keçirib. Araşdırma zamanı məlum olub ki, statistikaya görə, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı, neqativ ekoloji nəticələrə də gətirib çıxarır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Belə ki, daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Bəhs olunan görüşdə xüsusi olaraq vurğulanıb ki, əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Azərbaycanın rəsmi dövlət qurumu taksi bazarında fəaliyyət göstərən xarici şirkətlərin məlumat bazasının ölkəmizin hüdudlarından kənarda yerləşməsindən, beləliklə də milli qanunvericiliyin tələblərinin pozulmasından narahatlıq ifadə edib. Bu sahədə mütləq qayda yaradılmalıdır. Azərbaycanın optimal biznes mühiti heç bir halda milli maraqlarımıza təhdid yarada biləcək poliqona çevrilməməlidir. Belə özbaşınalığın qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Qurum rəsmiləri  bildiriblər ki, qanuna əsasən, ölkədə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətində keyfiyyətin yüksəldilməsi və mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə artıq bir müddətdir ki, mühüm islahatların aparılmasını planlaşdırır. Nəticədə taksi fəaliyyətinin tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması istiqamətində mühüm hazırlıq işləri görülməkdədir. Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq.

Yaqut Ağaşahqızı, “İki sahil”