Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbirlər davam edir. Mayın 8-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və “Təhsil” RİM 3 saylı Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Xətai rayon məktəbliləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat idman növü üzrə yarış keçirilib. Yarışa Xətai rayonunun 37 məktəbinin şagirdləri qatılıblar.
Ulu Öndərin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlərin hər biri dahi şəxsiyyətin bütün sahələrdə davamlı uğurların əldə edilməsi üçün möhkəm təməl yaratdığını bir daha təsdiqləyir. Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib. Məhz Onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses bu gün də uğurla davam edir. Şahmatın inkişafı dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən şahmatçılarımız böyük uğurlar əldə ediblər.
Yarışda I yeri Heydər Əliyev adına Lisey, II yeri 17 saylı orta məktəb, III yeri Hümanitar Fənlər Liseyi tutub.
Qaliblər Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaqlar.