Finlandiyanın paytaxtı Helsinkidə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.
“İki sahil” xəbər verir ki, tədbir Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər Təşkilatı tərəfindən təşkil olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova müxtəlif illərdə Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyevin güclü iradə və vətənə bağlılığının, uzaqgörən və məqsədyönlü fəaliyyətinin mərkəzində ölkəmizin maraqlarının olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov bu il ölkəmizdə “Heydər Əliyev İli” çərçivəsində xalqımızın Ulu Öndərinin əziz xatirəsinin silsilə tədbirlərlə böyük ehtiramla andığını bildirib.
Səfirin sözlərinə görə, dünya tarixinin böyük siyasətçi kimi tanınan Heydər Əliyev öz həyatını öz xalqına həsr edərək, cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Azərbaycanı daima inamla irəliyə aparmağa nail olub. Diplomat bildirib ki, həm sovet dönəmində, həm də müstəqillik illərində xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri və uzaqgörənliyi dövlətçiliyimizi qorumağa və xalqımızı böyük bəlalardan xilas etməyə imkan verib.
Azərbaycanda yüngül və ağır sənayenin inkişafı ilə yanaşı, kənd təsərrüfatının əhəmiyyətli dərəcədə böyüməsi, habelə mədəniyyət, xarici siyasət, elm və təhsil sahələrdə ölkəmizdə qazanılan əhəmiyyətli uğurların Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb: “Bu səbəblərdən Ulu Öndərin memarı olduğu müasir Azərbaycan dövləti möhkəm özüllər üzərində qurulub. Bu siyasətə sadiqlik 30 ilədək işğal altında olan əzəli torpaqlarımızın Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnib və əminəm ki, bu gün Ulu Öndərin ruhu şaddır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında dünya dövlətləri sırasında öz parlaq imzasını qoymaqla bütün sahələrdə inamla irəliləyir”.
Finlandiyanın ölkəmizdəki səfiri Kirsti Narinen Azərbaycandan bir an əvvəl geri döndüyünü qeyd edərək, bu dövr ərzində Heydər Əliyevin xatirəsinə həsr olunan ikinci tədbirdə iştirak etdiyini və onun Azərbaycan xalqı üçün gördüyü işlərlə tanış olduğunu bildirib. Heydər Əliyevi uzaqgörən siyasətçi kimi qiymətləndirən Kirsti Narinen, Ulu Öndərin Azərbaycanın neft strategiyası istiqamətində atdığı addımları yüksək qiymətləndirib.
Tədbir əsnasında çıxış edən Türkiyənin Finlandiyadakı səfirliyinin müşaviri Murat Kerçek və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Finlandiya üzrə təmsilçisi Sonat Altuqun Heydər Əliyevin türkdilli ölkələr arasında əlaqələrin inkişaf etməsi üçün apardığı siyasət və bir çox sahələrdə əməkdaşlığın əsaslarını qoyduğunu bildiriblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib.