06 may 2023 17:33
703

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti Fəxri xiyabana gələrək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

XRİTDX-nin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə əbədiyaşar liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general–leytenant İlqar Musayev tədbiri açaraq, Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti, doğma xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi istiqamətində misilsiz xidmətlərindən danışıb. Xidmət rəisi qeyd edib ki, ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi daim Ulu Öndərin diqqət mərkəzində olub. Məhz müdrik şəxsiyyətin diqqət və qayğı nəticəsində bu sahədə də yüksək nailiyyətlər əldə edilib. Ümummilli Liderin istər sovet dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərliyi illərində ömrünü öz xalqına həsr etdiyi, onun nurlu xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı xüsusi vurğulanıb.

General-leytenant İlqar Musayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam və inkişaf etdirdiyini, həyata keçirdiyi müdrik siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ermənistanın işğalı altındakı torpaqlarımızı azad edərək ata vəsiyyətini yerinə yetirdiyini diqqətə çatdırıb.

Sonra Ulu Öndərin Heydər Əliyevin hər kəsə örnək olan həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirə yekun vuran Xidmət rəisi İlqar Musayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini vurğulayıb, il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində də bu münasibətlə silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.