06 may 2023 12:11
721

Xalqımızın hər bir nümayəndəsi Ulu Öndərin yaratdığı müstəqil Azərbaycanın vətəndaşı olması ilə fəxr edir - FOTO

Mayın 6-da Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev-Bütövlənən qalib Azərbaycan"adlı tədbir keçirildi. 

Əvvəlcə tədbir iştirakçıları məktəbin məzunları olan Birinci və İkinci Qarabağ müharibələrinin şəhidləri - Milli Qəhrəman, gizir Tahir Əminağa oğlu Bağırov, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanov, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, Denis Aleksandroviç Əliyev, Toğrul Daşqın oğlu Ağalarlı, Orxan Zöhrab oğlu İsmayılov və Elmir Pərviz oğlu Umudlunun xatirə lövhəsinin önünə gül dəstələri  düzdülər,  şəhidlərin ruhuna dualar oxudular. Daha sonra tədbir iştirakçıları bu məktəbin şagirdlərinin dahi şəxsiyyət Heydər Əliyevə  həsr etdikləri  rəsm əsərləri  və əl işləri ilə tanış oldular.  Tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə şəhidlik  zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər

Tədbiri giriş sözü ilə açan Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədova Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs etdi: "Bu xidmətlərdən söhbət açarkən Ulu Öndərin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımları xüsusi vurğulamalıyıq. Ümummilli Lider azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan dilimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişaf etdirilməsinə çağırışlar edirdi. Bu fikir daim önə çəkilirdi ki, hər bir xalqın beynəlxalq aləmdə tanınmasında, varlığını təsdiqləməsində dili, milli-mənəvi dəyərləri, ədəbiyyatı və mədəniyyəti xüsusi yer tutur."
Pikə Əhmədova bildirdi ki,  müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr vermişdir: "İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək tənəzzüldən-inkişaf yoluna çıxardı. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə  Azərbaycanın daha da  inkişafı üçün geniş imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdı.

Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra  Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdı. Bu birliyin nəticəsidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışına başlanılıb. Məhz bu Böyük Qələbə qürur mənbəyimiz olmaqla, Ata vəsiyyətinin yerinə yetirən Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imici qazanmasını, beynəlxalq aləmdə əsil söz sahibi olan ölkə rəhbəri olduğunu təsdiq etdi. Bu gün xalqımızın hər bir nümayəndəsi Ulu Öndərin yaratdığı Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə  fəxr edir və qürur duyur. "

Bugünkü uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov tədbirdə çıxış edərək bugünkü uğurlarımızın Heydər Əliyev siyasətinin təntənəsi olduğunu bildirdi. Bu məqama xüsusi diqqət yönəltdi ki, dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycan xalqının tarixi keçmişində, mədəniyyət tariximizdə iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin tariximizə, mədəniyyətimizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi səylər sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan görkəmli insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Bu kimi mühüm addımlar azərbaycançılıq ideologiyasının təbliğinə xidmət edən addımlar sırasındadır.

Tədbirdə çıxış edən Xətai Rayon  İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Mehriban İsrafilova, Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbin direktoru  Elnarə Zeynalova  diqqətə çatdırdılar ki, müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan söz açmış, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlər görülməsindən bəhs etdilər.
Tədbirdə  şagirdlərin ifasında Ulu Öndər  Heydər Əliyevə, Vətənə, Qarabağa  həsr olunmuş şeirlər səsləndi, mahnı və rəqs, ədəbi-bədii kompozisiyalar nümayiş olundu.

Tədbirin sonunda "Yaşat" Fonduna yardım məqsədi ilə təşkil olunan satış-sərgi nümayiş olundu.

Yaqut Ağaşahqızı, "İki sahil"