05 may 2023 18:50
644

Azərbaycanın müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində YAP Xətai rayon təşkilatı ilə birgə “Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısa film nümayiş olunub.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Ümummilli Liderin uzaqgörənliyi, mükəmməl idarəçilik təcrübəsi, müəllifi olduğu sosial-iqtisadi strategiyanın reallaşdırılması Azərbaycanın davamlı və dayanıqlı inkişafı üçün möhkəm təməl yaratdı. Bu strategiyanın mərkəzində Azərbaycanı qabaqcıl texnologiyaya əsaslanan sənaye ölkəsinə çevirmək, kənd təsərrüfatını dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltmək kimi mühüm hədəflər dayanırdı. Bu məqsədlərə nail olunması üçün Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə köklü islahatlar aparıldı, müvafiq normativ-hüquqi aktlar qəbul olundu və qanunvericilik bazası təkmilləşdirildi, mülkiyyətin transformasiyasına başlandı, kəndli torpağın əsl sahibinə çevrildi. Ulu Öndərin inkişaf kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsidir ki, bu gün Azərbaycan qalib dövlət, dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda sabitliyin bərqərar olmasından, beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsindən bəhs edib və onunla bağlı xatirələrini bölüşüb.

Tədbirdə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları çıxış edərək Heydər Əliyevin qüdrətli Azərbaycan naminə gördüyü misilsiz işləri, 44 günlük Vətən Müharibəsində qazanılan böyük qələbəni vurğulayaraq, Zəfərə aparan yolun möhkəm təməlindən danışıblar.