Mayın 5-də YAP Kürdəmir rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rayon təşkilatının veteran üzvlərinin və fəal gənclərinin iştirakı ilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin və vəfat etmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması tarixi əhəmiyyətə malikdir. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. 1969-cu ildə keçmiş SSRİ tərkibində ən geridə qalmış respublika kimi daim əzilən Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əliyev cəmi 13 il ərzində ölkəmizi sənaye dövlətinə çevirdi. Milli-mənəvi dəyərlərimiz inkişaf etdi. Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 30 il ərzində zəngin, şərəfli inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.
Bu gün Azərbaycanın əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və bundan sonra regionda yaranan reallıqlardır.
Çıxışçılardan Yeni Azərbaycan Partiyasının veteran üzvləri Həsən Hidayətov, Qasım Hüseynov, Vahid Əliyev, Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vaqif Alıyev, gənc fəal Mahir Cavadov bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Onlar, bildiriblər ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Natiqlər bildirmişlər ki, 1993- cü ildə xalqın istəyi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı yaranmış təhlükədən xilas edərək xalqın xilaskarına çevrildi. Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi Onun özündən sonra siyasi kursunu hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini – cənab İlham Əliyevi yetişdirməsi olmuşdur. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının ən möhtəşəm tarixini yaşayır.
Tədbirin sonunda rayon təşkilatının rəhbərliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual bilik yarışında YAP Kürdəmir rayon təşkilatını təmsil edən gənclərə qələbə qazandıqlarına görə Fəxri fərmanlar təqdim olunub.