Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı” mövzusunda tədbir keçirilib.
Bu barədə "İki sahil"ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və Nazirliyin əməkdaşları iştirak ediblər.
Əvvəlc tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş fotostendlə tanış olublar.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Agentliyin rəisi Vüsal Ağayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkə sənayesinin inkişafındakı rolundan bəhs edib. V.Ağayev vurğulayıb ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizin tarixinə sosial-iqtisadi yüksəliş mərhələləri kimi daxil olub. Bu çərçivədə Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində sənayenin inkişafına geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yaranıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı və dövləti üçün qoyduğu irs çox zəngindir və ölkəmizin davamlı inkişafına öz töhfəsini verəcək. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü, istər Naxçıvan mərhələsi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. “Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb”,- deyə sözünə davam edən V.Rəhimzadə qeyd edib ki, o abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir. Heydər Əliyev və Azərbaycan məfhumlarının birgə ifadə olunması Ulu Öndərin xidmətlərinin aydın mənzərəsini yaradır.
Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev çıxışında bildirib ki, ölkəmizin dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanması istiqamətində yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və uzaqgörənlik nümayiş etdirən Ulu Öndər bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərib. Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter almasının, sabit dövlət quruluşunun yaranmasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu iftixar hissilə dilə gətirən Gündüz Həmzəyev, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi İlə ölkəmizin böyük uğurlara imza atdığını konkret faktlarla əsaslandırıb.
Tədbirdə digər çıxış edənlər də Ümummili Liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar.