05 may 2023 12:33
1020

“Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” - FOTO/VİDEO

SOCAR-ın Sosial İnkişaf İdarəsində bu mövzunda “dəyirmi masa” keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlər Planına uyğun olaraq, 2023-cü il 4 may tarixində SOCAR-ın Sosial İnkişaf İdarəsinin akt zalında “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni enerji strategiyasından bəhs edib, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda görülən işlərin, yaradılan möhkəm təməlin Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına zəmin yaratdığını vurğulayıb. Sosial İnkişaf İdarəsinin rəisi xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, milli neft sənayesinin qurulması və inkişafı üçün mühüm işlər gördüyünü diqqətə çatdırıb. O, “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan yeni enerji strategiyasının Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın keçdiyi böyük inkişaf yolundan danışıb, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini, regionda yeni reallıqların yarandığını diqqətə çatdırıb.

YAP Nərimanov rayon təşkilatı SOCAR ərazi partiya təşkilatının sədri Ağəli Hüseynov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə inkişaf və tərəqqiyə nail olunduğunu qeyd edib.

Sonra “dəyirmi masa”da Sosial İnkişaf İdarəsinin əməkdaşları Heydər Əsgərov, Gülnar Zeynalova, Lamiyə Abazərova, Həbib Vəzirov, Şəfəq Qaraqurbanlı çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin irsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını bildiriblər. Çıxışlarda günü-gündən inkişaf edən, yüksələn Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin şah əsəri olduğu vurğulanıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni-yeni zirvələri fəth etdiyi qeyd olunub.

Orxan Vahidoğlu, “İki sahil”