Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi Azərbaycan dövlətçilik tarixinin xüsusi əhəmiyyət kəsb edən dövrüdür. Onun ölkəyə rəhbərliyinin birinci dövründə bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli qoyulub. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin növbəti dövründəki mürəkkəb şəraitdə isə qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olunub. İctimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrilib. Belə bir çətin şəraitdə iqtisadi sahədə əsas prioritet vəzifə makroiqtisadi sabitliyik bərpa olundu, inflyasiya, büdcə kəsiri dəfələrlə azaldıldı, məzənnə sabitləşdirildi, manat ölkədə yeganə ödəniş vasitəsinə çevrildi. Digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlanıb. Maliyyə stabilliyinin təmin edilməsilə əhalinin bank sisteminə inamı bərpa olunub.
Bildirilib ki, bütün bu addımlar sayəsində müasir dövlət, güclü iqtisadiyyat və inklüziv cəmiyyət hədəfi bu gün artıq reallığa çevrilib. Heydər Əliyev dövlətçilik məktəbi müstəqil Azərbaycanın dayanıqlı inkişafının daim ideoloji əsası olacaq.
Tədbirdə “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film nümayiş etdirilib.
Sonra iştirakçılara yeni pul nişanları barədə video təqdim olunub.
Taleh Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan edib. Bildirib ki, Mərkəzi Bank ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarını 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxacaq.
Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxır. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib.
Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.
Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən hayata keçiriləcək. Bu barədə ictimayətə əlavə məlumat veriləcək.
Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır.
İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılıb.
Bildirilib ki, yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.