Mayın 3-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə gənclərlə “Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzusunda görüş keçirilib.
Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gənclərin əhatəsində olmaqdan məmnunluğunu ifadə edib. Azərbaycanın bu gün çox əhəmiyyətli və şərəfli bir dövr yaşadığını qeyd edən sədr, müstəqil və qüdrətli dövlət qurmaq üçün yolun asan olmadığını bildirib: “Bütün çətinliklərə baxmayaraq, bu gün artıq öz yerləşdiyi regiondan bütün dünyaya parlaq günəş kimi işıq saçan bir Azərbaycan dövləti var”. O əlavə edib ki, əcdadlarımızdan bizə miras qalan Azərbaycan dövləti, yalnız 90-cı illərdə - Heydər Əliyevin şəxsində, onun rəhbərliyi ilə cümhuriyyət qurucularımızın ideyasından reallığa çevrildi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətini qurub, inkişaf etdirib gələcək nəsillərə, öz varislərinə bütöv bir halda təqdim etdiyini bildirən Komitə sədri, Ulu öndərin müəyyən etdiyi siyasi yolla ölkəmizin uğurdan-uğura addımlamaqda olduğunu söyləyib. B.Muradova bildirib ki, bu dövləti qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çiçəklənmiş, hər bir kəsin rahat yaşaya biləcəyi cəmiyyətə malik, demokratik, suveren, qüdrətli bir Azərbaycan dövləti kimi təhvil vermək hər birimizin borcudur.
Komitə sədri qeyd edib ki, Azərbaycanda keçirilən Heydər Əliyevin anadan olmasının 100 illik yubiley tədbirlərinin məqsədi müstəqil Azərbaycan dövləti üçün bütün ömrünü fəda edən insanı minnətdarlıq hissi ilə xatırlamaq, onun yoluna sadiq olduğumuzu bəyan etmək və bu siyasi yolu davam etdirən ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşmək və onun qətiyyətli mövqeyini müdafiə etməkdir.
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin həm sovet, həm də müstəqillik dövrü hakimiyyəti dönəminin iştirakçısı kimi o zaman gəncliyin birmənalı olaraq, Ümummilli Liderin yanında olduğunu dilə gətirib. Sovet İttifaqının parçalandığı çətin və gərgin dövrlərdən söz açan deputat, müstəqilliyimizin bərpası prosesində xalqla Heydər Əliyev arasında süni maneələrin yaradıldığını, onun siyasi bürodan kənarlaşdırılaraq ölkədə baş verən hadisələrədən uzaqda saxlandığını qeyd edib. Ölkəmizin yaşadığı çətin dövrlərinə mərhələli şəkildə ekskurs edən Ə.Hüseynli, 20 Yanvar faciəsi ilə bağlı tarixi faktları diqqətə çatdırıb, bilinən yanlışlardan danışıb. Azərbaycanda yaşanan siyasi böhran zamanı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından söz açan millət vəkili, onun bir rəhbər kimi siyasi bacarığı, geniş dünya görüşü, zəngin tarixi bilikləri ilə bağlı fikirlərini bölüşüb.
Dialoq formatında davam edən görüşdə AQUPDK-nın sədri Bahar Muradova və Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli onlara ünvanlanan sualları cavablandırıblar.
Daha sonra deputat gənclər təşkilatlarının nümayəndələrinin Heydər Əliyevin siyasi irsi, ölkəyə rəhbərliyi etdiyi tarixi dövr, dövlətçiliyimiz və müstəqillik tariximiz suallarını cavablandırıb, bugünkü siyasi vəziyyət və Qarabağa qayıdışla bağlı müzakirə aparılıb. Sonda xatirə fotosu çəkdirilib.
Yaqut Ağaşahqızı, “İki sahil”