03 may 2023 15:23
462

FHN-in Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi – idarəçilik və varislik fəlsəfəsinin təbliği” mövzusunda tədbir keçirilib.

Bu barədə “İki sahil”ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti, Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, kursant və magistrləri iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və ali təhsil ocağının nailiyyətlərini əks etdirən muzeylə tanışlıq olub.

Daha sonra iştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallardan ibarət sərgi ilə, həmçinin Milli Məclisin komitə sədri Sadiq Qurbanovun “Zamana sığmayan Lider” adlı kitabının və Akademiyanın yaradılmasının 15 illik yubileyi ilə bağlı nəşr edilmiş jurnalla tanış olublar.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə FHN-in İctimaiyyətlə əlaqə idarəsinin hazırladığı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, dövlətimizin qurulması və güclənməsi istiqamətində titanik fəaliyyətindən danışıb. O, FHN tərəfindən “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirildiyini xatırladaraq Akademiyada təşkil olunmuş bu tədbirin də gənc zabit və kursant heyətinin Ulu Öndərin misilsiz irsi ilə bağlı biliklərinin daha da zənginləşməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

E.Mirzəyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı inkişaf yolunda inamla irəliləyən güclü Azərbaycan dövləti Ulu Öndərin həyat amalının təntənəsi, şah əsəridir. Biz çox xoşbəxtik ki, dünya şöhrətli siyasətçi, tarixi şəxsiyyət Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Heydər Əliyev siyasətinin mahir davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük uğurlara imza atan Azərbaycan bu gün dünya miqyasında sayılıb seçilən dövlətlər sırasında özünəməxsus yer tutur.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, komitə sədri, “Zamana sığmayan Lider” kitabının müəllifi Sadiq Qurbanov Dahi Rəhbəri “Adi insanlar kimi zamanın diqtəsi ilə hərəkət edən deyil, zamana diqtə edən Lider” adlandıraraq Ulu Öndərin nümunəvi həyat və fəaliyyətinə tarixi ekskurs edib, onun yüksək şəxsi keyfiyyətlərindən və bənzərsiz liderlik bacarıqlarından söz açıb. Milli Məclisin deputatı tədbir iştirakçılarına Ulu Öndərin xalqın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətindən ətraflı danışıb, onun Vətən qarşısındakı misilsiz xidmətlərini konkret tarixi faktlarla əsaslandırıb. Natiq Ümummilli Liderin yorulmaz və titanik fəaliyyətinin Azərbaycan üçün əhəmiyyətinin bugünkü və gələcək nəsillər tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib.

Tədbirdə digər çıxış edənlər də Ümummili Liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar.

Tədbirin sonunda Milli Məclisin komitə sədri Sadiq Qurbanov müəllifi olduğu “Zamana sığmayan Lider” kitabı ilə bağlı Akademiyanın kursant və magistrlərinin suallarını cavablandırıb.