Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi referat müsabiqəsinin yekunlarına dair elmi-praktik konfrans keçirilib.
Bu barədə “İki sahil”ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, konfransda Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri, paytaxt rayonları İcra Hakimiyyətləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, bu gün Azərbaycan sürətlə inkifaf edir, dünya ölkələri sırasında əhəmiyyətli yer tutur. Bunun da bünövrəsində da məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti durur.
Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin daş dövründən başlamış bu günə kimi olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Builki müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr edilən mövzulara da xüsusi yer verilib.
Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib.
Konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və başqaları bildiriblər ki, illər keçdikcə Ümummilli liderin böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir.
Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Artıq builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2500 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.