“Ümummilli Lider Heydər Əliyevin əhalinin sağlamlığının qorunması üzrə müəyyənləşdirdiyi kurs bu gün də uğurla davam etdirilir".
“İki sahil” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev rəhbərlik etdiyi qurumun və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə ATU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq elmi-praktik konqresində çıxışı zamanı deyib.
Konqres iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyublar, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə səhiyyə naziri Teymur Musayev, ATU-nun rektoru Gəray Gəraybəyli, tanınmış ictimaiyət nümayəndələri, həmçinin dünyanın müxtəlif ölkələrindən olan mütəxəssis və alimlər iştirak edirlər.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyənin inkişafı və yüksək ixtisaslı tibbi mütəxəssislərin hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır: “XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərində Azərbaycan səhiyyəsi 35 ilə yaxın bir dövrdə Ümummilli Lider Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Heydər Əliyevin göstərişi ilə səhiyyə ocaqlarının yenidən qurulması, yeni tibb müəssisələrinin tikilməsi üzrə irimiqyaslı layihələr həyata keçirildi. Kadr çatışmazlığı problemini həll etmək, ölkə səhiyyəsini yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə həkimlərin və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı”.
“Ümummilli Lider Heydər Əliyevin əhalinin sağlamlığının qorunması üzrə müəyyənləşdirdiyi kurs bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin bu sahədə fəaliyyəti sayəsində Azərbaycan səhiyyəsi son 20 il ərzində böyük inkişaf yolu keçib. Əhalinin sağlamlıq göstəricilərində müsbət dinamika görülən işlərin uğurlu nəticəsidir. Səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub”, - səhiyyə naziri vurğulayıb.
Beynəlxalq konqresdə çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunduğunu bildirib. Rektor Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafı naminə keyfiyyətli tibb təhsili üçün şərait yaradılmasına xüsusi diqqət yetirdiyini qeyd edib: “Məhz Ümummilli Liderin diqqət və qayğısı nəticəsində ATU-da yeni tədris binaları istifadəyə verilib, universitet klinikaları yaradılıb, həmçinin milli həkim kadrlarının dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradılıb”.
Konqresdə həmçinin Türkiyənin İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunun direktoru, professor Sezai Yılmaz, Beynəlxalq Tibb Təhsili Konfransının (İnternational Conference on Medical Education – İCME) prezidenti, professor Ajar Raşid, Rusiya Terapevtlərinin Elmi Tibbi Cəmiyyətinin prezidenti, akademik Anatoli Martınov, Stenford Universitetinin Lusile Pakkard Uşaq xəstəxanasının təmsilçisi dosent Teymur Nəsirov və digərləri çıxış ediblər. Natiqlər qeyd ediblər ki, ölkənin səhiyyə sisteminin müasir və beynəlxalq çağırışlar fonunda inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən olub.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
“Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq elmi-praktiki konqres öz işini plenar sessiyalarla davam etdirib.