Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa-Bakı marşrutu üzrə ultramarafon yürüşünə start verilib.
“İki sahil” xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş bu gün Ağstafada Heydər Əliyevin abidəsi önündən başlayıb.
Azərbaycanda, eləcə də, ölkədən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev beş gün ərzində 465 km-lik məsafəni qət edəcək.
O, ilk mərhələdə Ağstafadan Gəncəyə kimi olan 96 km-lik yolu gedəcək. Marşrutun növbəti dayanma məntəqələri Yevlax, Kürdəmir və Hacıqabul olacaq.
Atlet Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməklə yürüşü başa vuracaq.