Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər təşkil olunub.
“İki sahil” xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.
Tədbirlər çərçivəsində aprelin 24-də Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin bir qrup əməkdaşı Culfa rayonu ərazisində yerləşən Haçadağ zirvəsinə yürüş təşkil edib. Yürüş iştirakçıları qarşıya çıxan maneələri uğurla dəf edərək təyin olunmuş yerə vaxtında çatıb, orada Ulu Öndərin şəkli əks olunmuş plakatı və Azərbaycanın Dövlət Bayrağını yerləşdiriblər.
Aprelin 26-da Naxçıvan şəhərində “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı təntənəli tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları müasir Azərbaycanın banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olunub. Burada qonaqlar dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə və müxtəlif dəyərli eksponatlarla yaxından tanış olduqdan sonra tədbirin keçirildiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına gəliblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycanın Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qonaqları salamlayaraq, belə bir tədbirin Ulu Öndərin böyüyüb boya-başa çatdığı, doğma Naxçıvan şəhərində keçirilməsinin önəminə toxunub. O, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ömür yoluna nəzər salaraq dahi şəxsiyyətin təhlükəsizlik orqanlarında fəaliyyəti və Azərbaycanın rəhbəri olaraq misilsiz xidmətləri barədə ətraflı məlumat verib, ölkəmizin milli tərəqqi strategiyasının əsasının məhz Heydər Əliyev tərəfindən qoyulmasından geniş söhbət açıb. Fuad Nəcəfli Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu siyasət xəttinin ölkəmizin davamlı yüksəlişinə xidmət etdiyini xüsusi vurğulayıb.