27 aprel 2023 16:06
568

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib - FOTO

Aprelin 26-da İmişli rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda İmişli RİH başçısı Elçin Rzayev, millət vəkilləri Musa Qasımlı və Bəhruz Məhərrəmov, YAP İmişli rayon təşkikatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatı və siyasi fəaliyyəti haqqında çıxışlar dinlənilib.

Çıxışlardan öncə Ümummlli Liderin əziz xatirəsi və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edilir.

Həmçinin, ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən danışılıb, hazırda onun layiqli siyasi davamçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun sürətlə inkişaf etdiyi, sosial rifah səviyyəsinin yüksəldiyi, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyi və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığı qeyd olunub. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər məhz Heydər Əliyev siyasətinin təntənəsi olduğu diqqətə çatdırılıb.