26 aprel 2023 13:23
360

Daşkənddə “Heydər Əliyevin qələbəsi” adlı kitabın təqdimatı keçirilib- FOTO

Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə tanınmış özbək yazıçı və publisisti İsmat Kuçiyevin rus dilində çap olunan “Heydər Əliyevin qələbəsi” adlı kitabının Daşkənddə təqdimat mərasimi keçirilib.

Bu barədə “İki sahil”ə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tədbir iştirakçıları öncə mərkəzin qarşısında Ümummilli Liderin abidəsini ziyarət ediblər, önünə tər gül-çiçək dəstələri düzüblər.

Sonra Özbəkistan Yazıçılar İttifaqının binasının foyesində Heydər Əliyevə həsr olunan kitablardan və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub. Ardınca Azərbacan-Özbəkistan dostluğuna həsr edilən qısametrajlı videorolik göstərilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun moderatorluğu ilə davam edən tədbirdə çıxış edən Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq şairi Siracəddin Səyyid Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanmasındakı rolunu, təzyiqlərə baxmayaraq milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində müstəsna xidmətlərini diqqətə çatdırıb. O, Heydər Əliyevin ədəbiyyata, sənətə böyük qiymət verdiyini qeyd edərək daim ədəbiyyat adamlarına qayğı göstərdiyini vurğulayıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb və onun, xalqımızın, dövlətçiliyimizin çətin məqamlarında xalqın tələbi ilə hakimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən söhbət açan səfir məhz Ulu Öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dünya miqyasında qüdrətli dövlətə çevrildiyini qeyd edib. Səfir Azərbaycan xalqının öz böyük oğlunun xatirəsini daim əziz tutduğunu və Ulu Öndərin siyasətinin bu gün də uğurla davam etdiyini vurğulayıb.

Çıxışına davam edən səfir Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətdə Azərbaycanın inkişafı istiqamətində göstərdiyi xüsusi xidmətlərin heç zaman unudulmayacağını qeyd edib.

Çıxış edən özbəkistanlı alim və tərcüməçi Babaxan Məhəmməd Şərif Heydər Əliyevin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda ölkə iqtisadiyyatına, milli və mənəvi dəyərlərə, adət-ənənələrə verdiyi önəmdən söz açıb, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin böyük rolu olduğunu deyib, onun hakimiyyətdə olduğu müddətdə xalqı üçün gördüyü işlərdən danışıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvü İsrail Şamsimuxammedov, jurnalist Boris Babayev, Özbəkistan Yazıçılar İttifaqının üzvü Sabir Kurbanov və başqaları Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə ediblər.

Kitabın müəllifi İsmat Kuçiyev Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayaraq onun gördüyü əvəzolunmaz işlərdən danışıb. O, 1990-cı illərdə Azərbaycanın keçdiyi çətin zamanlardan söhbət açaraq məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirib.

O, Özbəkistanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb, kitab üzərindəki işindən söz açıb.