Aprelin 23-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş veloyürüş keçirilib.
“İki sahil” xəbər verir ki, 30 nəfərdən çox Vətən müharibəsi iştirakçısı və qazisinin qatıldıqları veloyürüşə Dənizkənarı Milli Parkın ərazisində yerləşən “Dəniz Mall” ticarət və əyləncə mərkəzinin yaxınlığından start verilib.
İştirakçılar Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək Su İdmanı Sarayının yaxınlığından geri dönüb, start yerində yürüşü başa vurublar.
Qeyd edək ki, veloyürüşün keçirilməsində məqsəd hər zaman idmana və sağlam həyat tərzinə xüsusi önəm vermiş Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək və sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaqdır.