YAP Masallı rayon təşkilatı aparatında “Heydər Əliyev ili” çərçivəsində partiya veteranları və gənclərin iştirakı ilə “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda tədbir keçirilmişdir.
“İki sahil” xəbər verir ki, ilk öncə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin və Qarabağ müharibəsində vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə uzun illər Masallı rayonunun ictimai-siyasi həyatında fəal iştirak etmiş partiya veteranları ilə yanaşı fəal gənclər də iştirak etmişlər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdir ki, bu görüşün məqsədi bütün mənalı ömrünü doğma partiyaya həsr etmiş partiya veteranları ilə maraqlanmaq və onların dəyərli, əziz olduqlarını hiss etdirməkdir. Seyfəddin Əliyev bildirmişdir ki, uzun illər dövlətimizə ləyaqətlə, sədaqətlə xidmət göstərən və Ulu Öndər Heydər Əliyevin siyasi irsinə dərin hörmətlə yanaşan YAP Masallı rayon təşkilatının veteranları daim təşkilatın çoxminli üzvləri tərəfindən ehtiramla anılır və diqqət mərkəzində saxlanılır. Görüşdə Masallı şəhər 1 saylı məktəb ərazi partiya təşkilatının sədri Mehriban Sultanova, partiya veteranları Qardaş Fətullayev,Əyyub Mehtiyev, Ədalət Nemətov və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə əldə etdiyi uğurlardan söz açdılar.
Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı. Sonda xatirə şəkli çəkdirildi.