20 aprel 2023 22:09
502

“Heydər Əliyev-100: Azərbaycanda qadın hərəkatının inkişafı” kitabının təqdimatı olub FOTO

Aprelin 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev-100: Azərbaycanda qadın hərəkatının inkişafı” kitabının təqdimat mərasimi keçirilib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş kitab dahi şəxsiyyətin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanda qadın hərəkatının inkişafındakı əvəzedilməz rolundan bəhs edir.

Milli Məclisin deputatı Hikmət Babaoğlunun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevdən bəhs edən videoçarx nümayiş olunub.

Sonra AQUPDK-nın sədri Bahar Muradova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qadın hərəkatının inkişafı prosesindəki rolundan danışıb. Bildirilib ki, Ümummilli Lider Azərbaycan qadınını, onun ailədə, cəmiyyətdə və dövlət həyatında rolunu yüksək dəyərləndirməklə bərabər, onları həmişə fəal olmağa, öz imkanlarına güvənməyə, gənc nəslin tərbiyə və təhsilindəki roluna məsuliyyətlə yanaşmağa çağırardı. Ulu Öndər Heydər Əliyev hər bir Azərbaycan qadınının əldə etdiyi nailiyyətlərə qəlbən sevinib, daha yüksək zirvələrə çatmaları üçün diqqət və qayğısı ilə hər kəsi ruhlandırıb.

Tədbirdə çıxış edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva qeyd edib ki, milli irsimizin və adət-ənənələrimizin cəmiyyətdə təbliği Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Bu siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Digər çıxış edənlər nəşr haqqında təəssüratlarını bölüşüblər. Diqqətə çatdırılıb ki, “Heydər ƏIiyev-100: Azərbaycanda qadın hərəkatının inkişafı” kitabında respublikamızın elm, təhsil, mədəniyyət və incəsənət sahələrində, eləcə də respublikamızın ictimai-siyasi həyatında və dövlət idarəçiliyində yüksək vəzifələrdə çalışan nüfuzlu Azərbaycan qadınlarının Ümummilli Liderimizin Vətənimiz qarşısında misilsiz xidmətlərinə həsr etdikləri elmi, publisistik məqalələri və xatirələri toplanıb. Vurğulanıb ki, gələcək nəsillər üçün əbədiyaşar və tükənməz xəzinə olan Heydər Əliyev irsi bundan sonra da araşdırılacaq, çoxsaylı elmi məqalə və əsərlər yazılacaq.

Qeyd edək ki, nəşrin müəllif Milli Məclisin deputatı, tarix elmlər üzrə fəlsəfə doktoru Məlahət İbrahimqızı, rəyçisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elmi redaktoru isə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini professor Elmira Süleymanovadır.

Yaqut Ağaşahqızı, "İki sahil"