“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları ağacəkmə kampaniyasını davam etdirirlər.
“İki sahil” xəbər verir ki, kampaniya çərçivəsində növbəti tədbirlər partiyanın Şabran, Gədəbəy, Daşkəsən və Tərtər rayon təşkilatlarının yerli icra hakimiyyəti orqanları ilə birgə təşkilatçılığı əsasında keçirilib.
Tədbirlərdə YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ümumilikdə 2500-dən çox müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.