Sabunçu rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib
Aprelin 14-də “Heydər Əliyev ili” çərçivəsində YAP Sabunçu rayon təşkilatı və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının akt zalında təşkil olunan konfransda YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, millət vəkili Əliabbas Salahzadə, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.
Daha sonra çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov Ulu Öndər Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Azərbaycan ziyalılarına göstərdiyi qayğı və diqqətdən söhbət açıb. Sadiq Qurbanov qeyd edib ki, dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.
Çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov Ümummilli Lider Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından bəhs edib.
Daha sonra çıxış edən partiya veteranı Oruc Məmmədov Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib.