XIX əsrdə ermənilərin Qafqaza köçürülməsinin başlanması ilə azərbaycanlıların mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən soydaşlarımızın deportasiyasına start verilmiş oldu. Tarixi minilliklərə söykənən Azərbaycan kənd və şəhərlərinin əhalisinin etnik tərkibinin dəyişdirilməsi sonrakı mərhələdə həmin yerlərdə yerli sakinlərin sıxışdırılması, daha sonra isə onların zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələndi. Müxtəlif vaxtlarda həyata keçirilmiş deportasiya zamanı Qərbi Azərbaycanın demək olar ki, bütün bölgələrində soydaşlarımıza qarşı qətliamlar, dəhşətli işgəncələrlə dolu qırğınlar törədilib. Tarixi Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistan ilə qardaş Türkiyə arasındakı dağarası düzənlik olan Ağrı vadisində yerləşən Vedi rayonu da erməni zülmünə ən çox məruz qalmış mahallardandır.
Uzunluğu 90 km olan Ağrı vadisi Cənub tərəfdən Ağrı dağ vulkan massivi ilə əhatələnib. Mərkəzi Böyük Vedi şəhəri olan Vedi rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araza tökülür. Yeri gəlmişkən, Şidli toponimi Şəddadilərlə əlaqələndirilir və bu faktın özü də həmin ərazilərin azərbaycanlılara məxsus olduğunu sübut edir. Tarixi məlumatlara görə, Vedi mahalı ərazisindəki 75 kəndin əksəriyyəti rayonun dağlıq hissəsində yerləşib. Etnik baxımdan isə bu yerlərin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub. XIX əsrdə mahal ərazisində cəmi iki ailədən ibarət 15 nəfər erməni yaşayıb. Lakin mahalın ərazisi ruslar tərəfindən işğal edildikdən sonra rayona ermənilərin köçürülməsinə başlanılıb.
XX əsrin əvvəllərində Vedinin kəndləri dəfələrlə erməni quldur Andranikin daşnak dəstələrinin hücumuna məruz qalıb. Lakin xalq qəhrəmanı Abbasqulu bəy Şadlınskinin rəhbərliyi ilə yaradılmış özünümüdafiə dəstələri xalqı qırğınlardan qorumağı bacarmışdır. Vedi rayonu mühüm strateji ərazidə yerləşdiyindən dəfələrlə ermənilərin məkrli siyasətinə məruz qalıb, burada tez-tez ərazi inzibati dəyişiklikləri edilib. Belə ki, 1936-cı ildə rayon iki yerə parçalanaraq ərazisində ikinci bir inzibati ərazi vahidi – Qarabağlar rayonu yaradılıb. Qarabağlar bir neçə il ərzində iqtisadi cəhətdən çökdürülüb və əhalisi – Azərbaycan türkləri buradan köçürülüb. Bundan sonra isə 1948-ci ildə yenidən Vedi rayonuna birləşdirilib. 1964-cü ildə bu dəfə Vedi rayonu özü ləğv edilərək artıq erməniləşdirilmiş Qəmərli rayonuna birləşdirilsə də azərbaycanlıların etirazları nəticəsində Ermənistan rəhbərliyinin bu niyyəti baş tutmayıb və Vedi yenidən müstəqil rayon kimi təşkil edilib.
Nəhayət, 1968-ci il mayın 5-də Ermənistan SSR-in rəhbərliyi tərəfindən adı dəyişdirilərək Ararat adlandırılıb.
1988-ci ildə Vedinin azərbaycanlıların yaşadıqları Arazdəyən, Xalisə, Şidli, Şirazlı, Qaralar, Yengicə, Taytan, Kiçik Vedi, Böyük Vedi, Şıxlar, Afşar, Aşağı Qarabağlar, Dəvəli, Daşlı, Armaş, Çəmbərək və digər kəndlərinin əhalisi sonuncu dəfə deportasiyaya məruz qalıb. Soydaşlarımızın öz ata-baba yurdlarından didərgin düşməsindən sonra yaşayış məntəqələrinin bir qismi dağıdılıb. Bir qisminin isə adı dəyişdirilib və hazırda həmin kəndlərdə ermənilər yaşayır. Rayonun ermənilər tərəfindən işğal edilmiş belə kəndlərindən biri də Afşar kəndidir.
Rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın kənarında yerləşən Afşar kəndinin adı 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Afşar”, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə “Əfşaryerli”formasında, “Qafqazın 5 verstlik xəritəsi”ndə isə Afşar kimi qeyd edilmişdir. Tarixi mənbələr görə, digər adı Kəl Balavandır. “Afşar” adı Səlcuq oğuzlarının Afşar tayfasının adını əks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarlının (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsr) əsərlərində “Afşar”, Rəşid əd Dinin (XIV əsr) və Əbülqazi Xan Xivəlinin (XVII əsr) əsərlərində “Avşar” kimidir. XIV-XVII əsrlərdə Anadoluda bu etnonimin hər iki forması işlənib. XVI əsrdə Səfəvilər dövlətinin Qızılbaş tayfalarından biri kimi bu tayfanın adı “Əfşar” olaraq tanınır. Yeri gəlmişkən, Türkiyədə “Afşar” adlı 86 kənd mövcuddur. Toponim “çevik və ovçuluğu sevən” mənasını verən afşar oğuz tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Afşar kəndinin Azərbaycan türkləri olan əhalisi 3 dəfə deportasiyaya məruz qalıb. İlk dəfə 1918-ci ildə kəndin əhalisi zorla qovulub və burada Türkiyədən gəlmə ermənilər yerləşdirilib. 1928-ci ildən sonra geri qayıtmış azərbaycanlılar növbəti dəfə 1949-1950-ci illərdə Azərbaycana deportasiya ediliblər. Nəhayət, 1988-ci ildə soydaşlarımız üçüncü dəfə öz doğma yurdlarını tərk etməli olublar.
Məlumatlara görə, 1831-ci ildə Afşarda 42-si kişi, 38-i qadın, cəmi 80 nəfər olmaqla 13 ailə, 1916-cı ildə isə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kəndin həmin dövrlərdəki əhalisinin Azərbaycan türklərindən ibarət olduğunu bəzi erməni mənbələri də təsdiqləyir. Belə ki, Z.Qorqodyanın “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi” (İrəvan, 1932) adlı kitabında göstərilir ki, 1831-1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır. Lakin daha sonra nəşr olunmuş “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti” əsərində bu fakt təhrif edilərək kənddə guya həmin dövrdə yalnız ermənilərin yaşadığı qeyd edilir. Təbii ki, ermənilərin toponimlərimizi, yer adlarımızı saxtalaşdırdıqları, özlərinə saxta tarix yaratmağa çalışdıqları sirr deyil. Fakt isə faktlığında qalır. Ancaq o da faktdır ki, hazırda monoetnik dövlətə çevrilmiş Ermənistandakı bütün digər kənd və şəhərlərimiz kimi, Afşar da işğal edilib və indi tarixi türk yurduna ermənilər sahibləniblər.
Erməni zülmü ilə üzləşmiş, öz torpaqlarından zorla deportasiya edilmiş bütün Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpa ediləcəyi gün uzaqda deyil. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə başladılan Qərbi Azərbaycana qayıdış hərəkatının əsaslı nəticələrini ən yaxın zamanda görəcəyik. Dünya, nəhayət ki, yüzminlərlə insanın haqq səsini eşitməyə məcbur olacaq. Və bir gün işğaldan azad edilmiş torpaqlarımıza olduğu kimi, Qərbi Azərbaycana, o cümlədən Vediyə və onun oğuz türklərinin vətəni olan Afşar kəndinə o yerlərin əsl sahiblərinin köçü başlayacaq. Bu dəfə əbədi yaşamaq üçün!
Mahir Rəsuloğlu, “İki sahil”