Türkiyədə məscidlər yalnız ibadət məkanı deyil, eyni zamanda əsrlərə söykənən sivilizasiyanın daşıyıcısıdır. Diyanet İşleri Başkanlığının məlumatına əsasən, İstanbulda ümumilikdə 3 min 623 məscid fəaliyyət göstərir. Onlardan 599-u tarixi abidə statusuna malikdir. Ən çox məscid isə 364 ibadət ocağı ilə Fatih rayonunun payına düşür. Məscidlərin sayına görə İstanbuldan sonra Konya (3 min 274) və Ankara (3 min 242) qərarlaşır.
Türkiyənin bir çox şəhərində gün minarələrdən ucalan azan səsi ilə başlayır. Bu səs təkcə namaza çağırış deyil, həm də əsrlər boyu formalaşmış yaddaşın, daşlara həkk olunmuş mədəniyyətin əks-sədasıdır. Hər bir məscidin günbəzində dua, divarlarında tarix yaşayır. Bu irsin ən dolğun hiss olunduğu şəhərlərin önündə İstanbul gəlir.
2020-ci ildə yenidən məscid kimi ibadətə açılan Ayasofya

Fatih rayonu 364 məscidlə ilk sıradadır. Üsküdarda 198, əhalisi 1 milyon 3 min 905 nəfər olan Esenyurtda 86 məscid, Kadıköydə 68, Beşiktaşda 43, Şişlidə isə 57 məscid ibadətə açıqdır.
Şəhər səlahiyyətli məscidlərdən tutmuş məhəllə aralarında yerləşən kiçik məscidlərədək geniş ibadət şəbəkəsinə malikdir. İstanbulun ən qədim dini abidələrindən biri olan Ayasofya Məscidi Bizans dövründə şəhərin ən böyük kilsəsi olub. 1453-cü ildə İstanbulun fəthindən sonra məscidə çevrilərək uzun illər şəhərin baş məbədi kimi fəaliyyət göstərib. 1934-cü ildə muzey statusu alan abidə 2020-ci ildə yenidən məscid kimi ibadətə açılıb.
Osmanlı memarlığının möhtəşəm nümunələrindən Sultanahmet

Osmanlı memarlığının möhtəşəm nümunələrindən sayılan Sultanahmet Məscidi XVII əsrdə I Əhmədin göstərişi ilə inşa edilib. Altı minarəsi və İznik çiniləri ilə İstanbulun ən görkəmli dini abidələrindən biri hesab olunur.
Memar Sinanın müəllifi olduğu Süleymaniye Məscidi memarlıq üslubu və şəhər siluetindəki mövqeyi ilə seçilir. Şəhərin digər mühüm dini abidələri sırasında Mihrimah Sultan Məscidi və Çamlıca təpəsində ucalan Büyük Çamlıca Məscidi də yer alır. Bu məscidlər yerli və xarici ziyarətçilərin ən çox üz tutduğu məkanlardandır.
İlk dəfə azan səsinin ucaldığı Arap Məscidi

İstanbulda azan səsinin ilk dəfə ucaldığı məkan kimi tanınan Arap Məscidi Karaköy ərazisində yerləşir. Rəvayətə görə, tikili İstanbulun mühasirəsi zamanı şəhərə gələn ərəb sərkərdələri tərəfindən inşa edilib. Bildirilir ki, Mesleme bin Əbdülməlikin rəhbərlik etdiyi ordu burada uzun müddət ibadət edib.
Ərəb ordusunun bölgədən ayrılmasından sonra bina kilsəyə çevrilib. 1453-cü ildəki fəthdən sonra isə yenidən məscid kimi bərpa olunaraq mehrab və minbər əlavə edilib, hazırkı görnüşünü alıb.
“Üzərinə quşların qonmadığı bir yer varmı?”

Bəzi məscidlər təkcə memarlığı ilə deyil, həm də haqqında danışılan rəvayətlərlə yadda qalır. Üsküdarda yerləşən Şemsi Paşa Məscidi xalq arasında “Quşqonmaz məscid” adı ilə tanınır.
Rəvayətə əsasən, Şemsi Paşanın Memar Sinana “Üzərinə quşların qonmadığı bir yer varmı?” sualından sonra aparılan araşdırmalar nəticəsində məscid şimal və cənub küləklərinin kəsişdiyi nöqtədə inşa olunub. Deyilənə görə, dalğaların yaratdığı titrəyiş və külək axını səbəbindən quşlar tikilinin üzərinə qonmur.
Osmanlı dövründə su paylanması mərkəzi kimi istifadə edilən Taksim meydanı bu gün fərqli simvol ilə yadda qalır. Meydanda inşa olunan Taksim Məscidi tarixi mühitlə müasir dövr arasında yeni bir bağ formalaşdırır.
Orxan Vahidoğlu, “İki sahil”