Erməni barbarları bu gün Ermənistan adlandırılan qədim torpaqlarımızda- Qərbi Azərbaycanda tarixi-mədəni irsimizə aid əvəzsiz memarlıq nümunələrini, dini abidələrimizi darmadağın edərək yer üzündən siliblər. Tarixi faktlar sübut edir ki, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid, tarixi memarlıq abidəsi mövcud olub. Sonradan bunlar yer üzündən silinib. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan Sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. İrəvan qalasının tamamilə yer üzündən silinməsi isə XX əsrin 30-cu illərində, sovet hakimiyyəti illərində həyata keçirilib.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasının açılışı zamanı bir qrup ziyalı ilə görüşündə bildirib: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Tarixçi alim Əziz Ələkbərlinin 2006-cı ildə Azərbaycan və ingilis dillərində nəşr olunmuş 227 səhifəlik “Qərbi Azərbaycan abidələri” kitabında miladdan əvvəl IV-V minilliklərdən başlayaraq sonrakı tarixi dövrlərə aid ermənilər tərəfindən dağıdılmış və ya saxtalaşdırılaraq özününküləşdirilmiş abidələr haqqında geniş məlumat verilib. Əsərdə Qərbi Azərbaycan ərazisində olan eramızdan əvvəl V-Il minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi faktlarla sübut edilib. Qeyd edilib ki, Qərbi Azərbaycan ərazisində Abaran mahalı, Gərnibasar, Göyçə, Qırxbulaq mahalı, Loru mahalı, Şörəyel, Talin mahalı, Vedibasar, Zəngəzur, Zəngibasar və digər Azərbaycan abidələri erməni vandalizminə məruz qalıb.
Bu bir həqiqətdir ki, erməni vandalları zaman-zaman milli-mədəni və tarixi irsimizin dağıdılması, bu torpaqlardan Azərbaycan izinin silinməsi üçün ən çirkin vasitələrə əl atıblar. Qədim Azərbaycan torpağı olan İrəvan qalasının şimal-şərqində yerləşən və sonralar ermənilər tərəfindən yer üzündən silinən memarlıq nümunələrindən biri də Sərdar sarayı kimi tanınan xan sarayıdır. İrəvan qalası tikilən vaxtdan mövcud olan saray İrəvan sərdarı Əmirqunə xan Qacar tərəfindən ucaldılıb, 1760-70- ci illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən təkmilləşdirilib. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonunu və Yay imarətini inşa etdirib. Saray kompleksi Zəngi çayının qorxunc uçurumu kənarında qərar tuturdu. Çayın digər sahili boyunca müxtəlif gül-çiçək və meyvə ağacları ilə zəngin olan Xan bağı salınmışdı.Yeri gəlmişkən, hazırda Sarayın yerində İrəvan Ararat Şərab Zavodu yerləşir.
Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın, Abbas Mirzənin, eləcə də Rüstəm və Söhrabın portretləri vardı. Saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalaraq dağıdılıb. Saraydakı portretlər buradan Tiflisə aparılıb. Həmin eksponatlar hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılmaqdadır. 1918-ci ildə isə ermənilər sarayı yerlə-yeksan ediblər.
İrəvan xanlığı Rusiya işğalından sonra bir sıra Avropa və Rusiya tədqiqatçılarının diqqət mərkəzinə olmuşdur. 1880-ci ilin oktyabrında İrəvan qalasında olmuş məşhur Rusiya arxeoloqu qrafinya P.A.Uvarova özünün Qafqaz ekspedisiyasının nəticələrinə dair 1887-ci ildə Moskvada nəşr etdirdiyi “Qafqaz. Yol qeydləri” kitabının I cildində xan sarayının əsasən uçulub-dağılmış vəziyyətdə olduğu, “Bütünlüklə sırf Şərq üslubunda naxışlarla, güzgülərlə və rəsmlərlə bəzədilmiş, sanki bəzəkli çay qutusuna bənzər Sərdar imarətindən yalnız qəbul zalının salamat” qaldığı kimi şəhadətləri rus məmurlarının nə üçünsə bütünlükdə İrəvan qalasının, yaxud xan sarayının deyil, əsasən sarayın Güzgülü zalının qorunub saxlanmasına diqqət yetirdiklərini göstərir. Bununla belə, 1886-cı ildə Sərdar sarayı bir daha təmir olunmuş, o cümlədən sarayın divarlarındakı 8 portret bərpa edilmiş, zal yenidən güzgülərlə bəzədilmiş, sarayın damı dəmir təbəqə ilə örtülmüş, pərdələri şəbəkə üslubunda pəncərələrlə əvəzlənmiş, “Min bir gecə” səhnələrini xatırladan divar rəsmləri əvvəlki görkəmini almış, zalın ortasında olan mərmər fontan qorunub saxlanılmışdır.
1893-1894-cü və 1898-ci illərdə Qafqaza gəlmiş məşhur Britaniya səyyahı, coğrafiyaşünas və ictimai xadim Henri Linç də bu səfərlə bağlı 1901-ci ildə Londonda nəşr etdirdiyi kitablarında Sərdar sarayını geniş təsvir etməklə yanaşı, Güzgülü zalın divarlarında kətan üzərində işlənmiş 8 tablo gördüyünü yazır, onlardan ikisinin - İrəvan xanı Hüseynqulu xanın, onun sağında isə farsların qəhrəmanı Fəramərzin tablolarının olduğu, digər divarlardakı portretlərdə Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xanın, qəhrəman döyüşçü personajları olan Zöhrabın və Rüstəm Zalın, habelə cəngavər bir qadının (amazonun) obrazlarının təsvir olunduğunu vurğulayır.
Sərdar sarayı 1828-ci ildə rus rəssamı akademik V.Maşkovun, arxeoloq və rəssam Qriqori Qaqarinin XIX əsrin 40-cı illərində çəkdikləri rəsm və fotolar Güzgülü salonda saray həyatını gözlərimiz önündə canlandırır. Ön planda taxtda əyləşmiş xan, solunda əyanları, taxtın önündə ulduzvarı hovuz və ortasında kiçik fontan görürük. Salonun döşəməsinə naxışlı xalçalar sərilib, tavan və divarlar nəbati, həndəsi ornamentlərlə bəzədilib, çərçivələr şəbəkə üslubunda işlənib. Sarayın divarboyu ornamentlərlə bərabər, şəkillərlə də bəzədildiyi görünür.
1829-cu ildə İrəvanın rus qoşunları tərəfindən işğalından sonra tədricən baxımsızlıq üzündən yararsız hala düşən, divar rəsmləri sıradan çıxan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayında Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani (1825-1875) qismən bərpa işləri həyata keçirib.
Tarixçi alimlərin yazdıqlarına görə, Sərdar sarayında əvvəlcə 1827-ci il oktyabrın 6-da yaradılan İrəvan “Müvəqqəti idarəsi”nin, daha sonra 1828-ci il martın 20-də (Türkmənçay müqaviləsi bağlandıqdan sonra) İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində yaradılan “Erməni vilayəti”nin administrasiyası yerləşib.
Sərdar sarayına həsr edilmiş bir çox yazılarda, o cümlədən “İrəvan şəhəri” elektron resursunda tarixçi-tədqiqatçı Nazim Mustafa tərəfindən çoxsaylı sənədlər əsasında hazırlanmış irihəcmli tarixi oçerkdə göstərilir ki, Sərdar sarayındakı “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Zahid Rza, “İki sahil”