Aleksandr Puşkin Dərələyəzdə...
Böyük şair, rus ədəbiyyatının banisi Aleksandr Sergeyeviç Puşkin Qafqaza iki dəfə səyahət etmişdir. Birinci dəfə çar hakimiyyətini və hökumət məmurlarını həcv etdiyinə görə 1820-ci ildə xidməti təyinat adı ilə Rusiyanın cənubuna sürgün edilən zaman, ikinci dəfə 1829-cu ildə.
Şair ilk səfərində yalnız Şimali Qafqazın Mineral Sular yaşayış məntəqəsində (sonralar Mineralnıye Vodı şəhəri) olmuş, ikinci səyahətində isə daha cənuba - Qafqazın içərilərinə doğru getmişdir. İkinci dəfəki səyahətində şairin əsas məqsədi Tiflisdə Nijeqorod draqun polkunda xidmət edən qardaşı Lev Sergeyeviçlə və general İvan Paskeviçin Qafqaz korpusunda xidmət edən tanışları ilə görüşmək idi. Draqun polkunun komandiri general Nikolay Rayevski şairin gənclik dostlarından biri idi. Həmin vaxt rus ordusu Türkiyəyə qarşı hərbi əməliyyatlarda olduğu üçün Aleksandrın hərbçi dostları ilə görüşü baş tutmamışdı.
İki həftə - mayın 26-dan iyunun 10-na qədər Tiflisdə qalan Puşkin böyük çətinliklə də olsa, dostlarının köməyi ilə arzusunu həyata keçirə bilmiş, döyüşən ordu ilə Türkiyənin Ərzurum şəhərinə qədər gedib çıxmışdı. 1829-cu ildəki Qafqaz və Ərzurum səfərləri şairin yaradıcılığında müstəsna rol oynamışdır. O, buraya həm birinci, həm də ikinci səyahətində Fazil xan Şeyda, Abbasqulu ağa Bakıxanov və başqa azərbaycanlı ziyalılarla tanış olub dostlaşmış, yol qeydlərində təzə tanışları haqqında xeyli məlumat vermişdir. Şair, həmçinin rus ordusunun tərkibində döyüşən könüllülərdən ibarət I Qarabağ müsəlman polkunun birinci yüzlüyünə komandirlik edən və sonralar polkovnik rütbəsinə qədər yüksəlmiş, bir sıra döyüş orden və medalları ilə təltif olunmuş yüzbaşı Fərəculla bəy Uğurlubəyovla və məşhur Cavanşir nəslinin hərbçi nümayəndəsi, qəhrəmanlıq nümunəsi göstərərək yaralı rus zabitini döyüş meydanından çıxarıb təhlükəsiz yerə aparan iyirmi yaşlı poruçik Fərhad bəylə də yaxından tanış olmuşdu. Onların döyüş meydanında göstərdikləri əsl cəsurluq Aleksandrı vəcdə gətirmiş və o, hər ikisini general Rayevskinin çadır-qərargahına dəvət edərək bu qarabağlı igidləri alqışlamışdır. "Ərzuruma səyahət" əsərində Aleksandr Sergeyeviç Puşkin yazır: "İyulun 17-də səhər biz yenidən atışma səsi eşitdik və iki saatdan sonra Qarabağ polkunu gördük. Polkovnik Fərəculla bəy daş qalaqları arxasında gizlənmiş düşmənlə vuruşmuş və onları oradan çıxarıb qovmuşdu. Süvarilərin komandanı Osman paşa güclə xilas olmuşdu".
Şair elə ordaca çox xoşuna gələn Fərhad bəyə "Cəng şöhrətinə məftun olma" adlı gözəl bir şeir də həsr edir:
Uzaqlaş, vuruşma, şan-şöhrətindən,
Sən ey gözəl cavan, ey gözəl cavan.
Qarabağ dəstəsi arasında sən
Qanlı döyüşlərə girmə, atma can!
Bilirəm ki, ölüm rast gəlməz sənə,
Qılınclar içində əzrayıl görcək.
Hayıfı gələcək belə bir hüsnə,
Ölüm caynağından nicat verəcək.
Ancaq döyüş vaxtı qorxuram ki, mən,
İtsin sadəliyin, cəld hərəkətin.
Sənin əbədilik çıxsın əlindən
Bu gözəl camalın, abrın-ismətin.
Peterburqa qayıdandan sonra Aleksandr Sergeyeviç Puşkinin şərəfinə verilən ziyafətlərin birində o, dostlarına özünün Ərzurum səyahətindən danışır, Qafqazda gördüklərindən, azərbaycanlılarla tanışlığından, hərb meydanlarında şahidi olduğu şuşalıların igidliyindən heyrətlə və məftunluqla söhbət açır, onların döyüş səhnələrini təsvir edir. Məclisdə iştirak edən Novikov familiyalı istedadlı bir rəssam dostu şairin obrazlı təsvirindən istifadə edərək dərhal Fərhad bəylə Fərəculla bəyin cizgi portretlərini çəkib ona verir. Bu sənət əsərlərinin çox uğurlu alındığını görən şair rəsmlərin qəhrəmanlarına çox bənzədiyini etiraf edərək şəkillərin altında öz xətti ilə həmin azərbaycanlı dostlarının adlarını yazır. Həmin şəkillər şairin arxivində indi də qalmaqdadır. Onların surəti çoxaldılaraq yayılıb.
Ərzurum səfərindən geri döndükdən sonra Azərbaycanın Dərələyəz mahalından keçib Tiflisə getmək istəyən Puşkin Herher kəndindən keçərkən İranda farslar tərəfindən tikə-tikə doğranmış Rusiya səfiri Aleksandr Qriboyedovun cənazəsini aparan müşayiətçi dəstə ilə qarşılaşır. Dəstəyə İran şahının vəliəhdi və sarayın yüksək mənsəbli əyanları daxil idi. Onlardan nə baş verdiyini soruşur və eşitdiklərindən dəhşətə gəlir: onun yaxşı tanıdığı səfir Qriboyedov və səfirliyin otuz yeddi əməkdaşı öldürülüb tanınmaz hala salınmışdılar. Qriboyedovu yalnız sol əlindəki bir nişanədən tanıya bilmişdilər.
Yaddan çıxarmayaq ki, səfir Qriboyedovun özbaşınalıqları həddini aşmış, hətta şaha və onun məmurlarına həqarət etməkdən belə çəkinməmiş, yerli əhalinin kəskin nifrətinin qazanmışdı. Onun əxlaqı aşan saysız-hesabsız qudurğan hərəkətləri müsəlmanların səbir kasasını daşdırmışdı. O, İranda yaşayan 500 erməni ailəsinin Dərələyəzə köçürülməsinə çalışmış və 1828-ci il sentyabrın 7-də bu çirkin məqsədinə çatmışdı. Qeyd etməliyik ki, İrandakı fəaliyyəti dövründə gürcülərlə və ermənilərlə dostluq edir, bərabər eyş-işrət məclisləri düzəldir, onları vəzifələndirib öz ətrafında saxlayır, müsəlmanlara isə sonsuz nifrətlə yanaşırdı.
Dərələyəzdən Tiflisə gedən Aleksandr Puşkin orada Qafqazı idarə edən generallarla görüşmüş və onlara azərbaycanlı dostları barədə ağızdolusu danışmışdır. Yəni böyük şair qısa ömründə hər zaman azərbaycanlılara hörmət və məhəbbətini bildirmişdir. Lakin ermənilərə saxladığı kini və nifrətini də açıq şəkildə ifadə etmişdir: "Sən qorxaqsan, sən qulsan, sən oğrusan, çünki ermənisən!"
Bu sözlərinə görə ermənilər Puşkini hayların əbədi düşməni elan ediblər. O vaxtdan hazırkı dövrə qədər Ermənistanda onun ruhuna belə hörmətsizlik təlqin olunur, adı heç yerdə çəkilmir. Bakıda isə böyük şairin heykəli ucalır, abad küçələrdən birinə onun adı verilib, əsərləri azərbaycan dilinə tərcümə olunaraq kütləvi tirajla nəşr olunub, əsərləri kitabxanalarımızda oxucuların istifadəsinə verilib, ədəbi irsi istər orta, istərsə də ali məktəblərdə tədris edilir, yəni, onun xatirəsi dərin hörmətlə əbədiləşdirilib. Xalqımızın dostu olan ölməz şair qəlbimizdə əbədi yaşayacaqdır.
Vəli İlyasov, "İki sahil"