28 yanvar 2023 00:11
761

Ermənistanın toponimlərimizə qarşı etnosid siyasəti - Qərbi Azərbaycan

Tarixi torpağımız olan Qərbi Azərbaycanın faciələri demək olar ki, iki yüz il bundan əvvəl ermənilərin havadarlarının köməyi ilə bu bölgəyə köçürülməsi ilə başlayıb. Hələ XVIII əsrin əvvəllərində, I Pyotrun dövründə Rusiyanın Xəzər hövzəsində bəzi əraziləri ələ keçirməsindən ermənilər öz məqsədləri üçün istifadə etdilər.  1724-cü il noyabrın 10-da I Pyotrun verdiyi fərmana əsasən, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında yerləşməyə başlayırlar. Rusiya Asiyada maraqları kəsişən Böyük Britaniya və Fransa ilə birləşərək Osmanlı imperiyasının və türk dünyasının şöləsini söndürmək üçün erməniləri alətə çevirdi. Rus hökumətinin razılığı və erməni kilsəsinin təşkilatçılığı ilə Xəzər dənizinin Azərbaycan torpaqlarına on minlərlə erməni köçürüldü. 1813-cü il 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında indiki Goranboy rayonu ərazisindəki Gülüstan kəndində müqavilə imzalandı. Azərbaycan torpaqlarını iki yerə bölən müqavilənin mətnini Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi Qor Ousli hazırlamışdı, imzalayanlar isə Nikolay Rtişev və Mirzə Əbülhəsən xan oldu. Bu həm də Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilədir. Bu müqavilədən sonra tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü.

1826-cı ildə iki dövlət arasında münasibətlər yenidən kəskinləşdi. İkinci Rusiya-İran müharibəsi başlandı. Lakin bu savaş uzun sürmədi. Bu dəfə də qalib tərəf Rusiya oldu. 1828-ci il fevralın 10-da İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Müqavilənin bağlanması münasibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün “xoş xəbər”i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi.

1828-ci ildə Şimali Azərbaycanın   tamamilə Rusiya imperiyasının tərkibinə daxil edilməsindən sonra Arazdan cənubda yerləşən ərazilərdən (Xoy, Salmas, Maku, Urmiya və s.)  ermənilərin sistemli şəkildə Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürülməsinə başlanıldı. Eyni zamanda, bu vilayətlərə ermənilər Osmanlı ərazisindən də köçürülürdü. Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvanxanlıqları ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan “İrəvan vilayəti” adlanan yeni inzibati qurum yaradıldı. 1849-cu ildə bu mahal İrəvan quberniyası adlandırıldı.

Yeri gəlmişkən, Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “erməni vilayətləri” elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Maraqlıdır ki, inzibati-ərazi vahidində- “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı ki, onlardan da yalnız 14-nün adı erməni mənşəli idi.

Rus müəllifi S.Qlinka  1828-ci ildə  cənubdan 40 min nəfər erməninin  Naxçıvan, İrəvan və Qarabağa köçürüldüyünü bildirirdi. 1880-ci ildə tərtib olunmuş statistik məlumatlara əsasən İrəvan quberniyasının İrəvan qəzasında azərbaycanlıların sayı 46426 nəfərə, ermənilərin sayı 29784 nəfərə bərabər idisə, Sürməli qəzasında azərbaycanlıların və ermənilərin sayı müvafiq olaraq 29800 və 18096, Şərur-Dərələyəz qəzasında isə 38776 və 12532 nəfərə bərabər idi.   Göründüyü kimi, rus hökumətinin on illərlə davam edən köçürmə, erməniləri himayə siyasətinə baxmayaraq, İrəvan da daxil olmaqla tarixi Azərbaycan torpaqlarında azərbaycanlılar ermənilərə münasibətdə XIX əsrin 80-ci illərinə qədər üstünlük təşkil edirdilər.

Amerikalı alim Castin Makkartin Cənubi Qafqazda, daha doğrusu, Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında yazırdı: “1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirmişdir… Ruslar iki dəfə 1828 və 1854-cü illərdə hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər”.

Amerikalı alimin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Akademik A. İ. İonisian yazırdı ki, İrəvan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlük təşkil edir.

Barbar ermənilər Qərbi Azərbaycana köçürüldükdən sonra qısa müddətdə azərbaycanlılara məxsus yaşayış məskənlərinin, bütövlükdə toponimlərin, oronimlərin, yer adlarını, dağların, çayların adlarını dəyişdilər. İrəvanda bir Göy Məscid istisna olmaqla Azərbaycanın bütün dini abidələri ermənilər tərəfindən məhv edilib. Bəzi kəndlər tamamilə silinib, əhalisi köçürülüb. Bəzi kənd və qəsəbələrin adları ermənilər bu ərazilərə köçürüldükdən sonra, bəziləri azərbaycanlıların yaşadığı vaxtlarda, bəziləri isə azərbaycanlıların bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirilib. Toponimlərlə yanaşı, minlərlə mikrotoponimin (körpü, bulaq, küçə, meşə, dağ, çay və s.) adı da dəyişdirilib. Mütəxəssislərin bildirdiyinə görə, İrəvan şəhərinin adı da daxil olmaqla, ümumilikdə təxminən 7-8 min toponimin adı dəyişdirilib.

Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin silinməsi Ermənistanın dövlət siyasəti olub. Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi prosesi bu gün də davam etdirilir. Amma erməni vandalları nə qədər çalışsalar da yer-yurd adlarının dəyişdirilməsi ilə bağlı cinayətkar əməllərini ört-basdır edə bilmirlər. Bu barədə olan çoxlu sayda mənbələr, tarixi sənədlər buna imkan vermir. 1886-cı ildə E. Kondratenkonun redaktorluğu altında tərtib olunmuş İrəvan quberniyasının xəritəsində göstərilən toponimlərin Azərbaycan dilində olması da bunun əyani təsdiqidr. Qiymətli tarixi mənbə olan bu xəritəyə baxdıqda oradakı toponimlərin Azərbaycanca göstərilməsi faktı, Qərbi Azərbaycan-indiki Ermənistan ərazisinin qədim və yerli sakinlərinin azərbaycanlılardan ibarət olması bir daha öz təsdiqini tapmış olur.

Ölkəmizin başçısı dəfələrlə bildirib ki, Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib: “Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rusiya-İran müharibəsindən sonra”.

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə tarixi torpaqlarımıza qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması ilə bağlı göstərişlər verib. Bununla əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Akademiyada Qərbi Azərbaycanla bağlı yaradılmış üç şöbədən biri də Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsidir. Əminik ki, bu qurum da ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq toponimlərinin tarixi adlarının bərpası, onların düzgün yazılışının təmin edilməsi istiqamətində ciddi addımlar atacaq.

Bəli, bütün dünya bilməlidir ki, Qərbi Azərbaycan tarixi torpaqlarımızın ayrılmaz parçasıdır. Əminliklə demək olar ki, Qərbi Azərbaycana Böyük Qayıdış xalqımızın yeni Zəfəri və tarixi ədalətin bərpası olacaq.

Zahid Rza, “İki sahil”