Yardımı rayonunda indi böyük də, kiçik də şəhid Cəfər Cəfərlinin adını böyük iftixarla çəkir. Bu Vətən sevdalısı İkinci Qarabağ müharibəsində qəhrəmanlıq salnaməsini yazaraq xalqımıza şanlı qələbə yaşadan millərlə Azərbaycan oğullardan biridir. Dağlar diyarının Avun kəndində dünyaya göz açmış Cəfər Cəfərli Xüsusi Təyinatlı Qüvvələrin tərkibində 2020-ci il sentyabrın 27-də müharibə başlanan günü silaha sarılıb, Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə igidlik, fədakarlıq göstərir. Noyabr ayının 3-də Xocavənd rayonunun ərazisində haqq savaşımızda müqəddəsliyinə tapındığı Vətən yolunda canından keçməklə 21 yaşında şəhidlik zirvəsinə ucalır. Şərəfli ölümü el-obaya başucalığı gətirən igid dövlət tərəfindən xüsusi şücaətinə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda, "Cəsur döyüşçü", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarına layiq görülür.
Qəhrəman Vətən oğlu Cəfər Cəfərli cismən aramızda olmasa da, mənən milyonların ürəyində yaşayır, həmişə məhəbbətlə xatırlanır. Doğma Avun kəndində bütün məclislərin qürur yeri onun adı olur. Anım günündə də yüzlərlə insan şəhid oğluna dərin ehtiramı bildirmək üçün məzarının başına toplaşdı. Uyduğu müqəddəs torpağı ziyarət edib, üstünə gül dəstələri düzdülər.
Çıxış edənlər Cəfər Cəfərlinin Vətənə, torpağa, yurda sevgisindən , yağı düşmənə qarşı göstərdiyi şücaətindən ətraflı söhbət açdılar. O da bildirildi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun və onun sıralarında Cəfər Cəfərli kimi mərd, mübariz, qəhrəmanların fədakarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Nəticədə xalqımızın 30 illik torpaq həsrətinə son qoyulmaqla Azərbaycanımızın yeni, şanlı tarixi yazıldı. Bu tarixi yazan qəhrəman Cəfərlərimiz heç vaxt unudulmaz, keçdikləri həyat yolları gələn nəsillərə də örnək olacaqdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü