23–24 aprel tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədovun, sədr müavini İlham Bayramovun, Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyevin və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublika ərazisindəki mühüm su təsərrüfatı obyektlərinə baxış keçirib.
Daha sonra, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Şəhər İcra Hakimiyyətinin rəhbər şəxslərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
İclas zamanı “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın mahiyyəti, proseslərin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görüləcək tədbirlər müzakirə edilib.
Bununla yanaşı, Agentlik tərəfindən hazırlanan “Elektron Su” (e-su.az) portalının təqdimatı da keçirilib.
İclasın yekununda, Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib.
Eyni zamanda, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında idarə kollektivi ilə görüş keçirilib. Görüş zamanı idarənin fəaliyyəti, mövcud texniki və təşkilati məsələlər, o cümlədən qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.