04 oktyabr 2022 02:14
586

Ordumuzun Vətən müharibəsindəki döyüş taktikası yüksək qiymətləndirilir

Sülh danışıqları prosesinin getdiyi bir zamanda Ermənistanın son bir ayda törətdiyi təxribatlar onu deməyə əsas verir ki, bu ölkə ilə yalnız güc yolu ilə danışmaq müsbət sonluq yarada bilər. Əks təqdirdə məğlub ölkə havadarlarına arxalanaraq öz çirkin əməllərindən əl çəkməyəcək. Elə ötən ay dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində erməni təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması və qarşı tərəfə vurulan sarsıdıcı zərbələr nəticəsində düşmənin geri oturdulması bunu bir daha təsdiq etdi.  

Halbuki Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra verdiyi bütün müsahibələrdə, açıqlamalarda bundan sonra itkilərin olmaması üçün sülh danışıqlarının başlanması və sülh müqaviləsinin imzalanmasının ən vacib məsələ olduğunu vurğulayırdı. Ölkəmizin başçısı, eyni zamanda, Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə dəfələrlə xəbərdarlıq edərək onları təxribatlardan əl çəkməyə çağırırdı. Hər zaman bildirirdi ki, istənilən təxribata adekvat cavab veriləcək və dəmir yumruğun zərbəsi ağır olmaqla Ermənistan üçün çox pis nəticələr verəcək.  Sonuncu təxribat zamanı həyata keçirilən «qətiyyətli cavab» əməliyyatı bir daha göstərdi ki, Ali Baş Komandanımız hər zaman dediyi sözə, verdiyi vədə əməl edir.

Bu, bir reallıqdır ki, iki il öncə Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi döyüş taktikası, müasir müharibə modeli hələ də dünyanın müxtəlif ölkələrindəki hərb məktəblərində öyrənilməkdədir. O cümlədən  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir döyüş taktikası dünya praktikasında yeni nəsil hərbi savaş kimi dəyərləndirilir. Ordumuz iki il bundan əvvəlki müharibədə bir daha göstərdi ki, son 30 ilin  hərb taktikası, ənənəvi hücum əməliyyatları artıq köhnəlib.  Savaş meydanında yalnız yeni döyüş taktikasına üstünlük verməklə qələbə qazanmaq olardı. Yəni, İkinci Qarabağ müharibəsində dünya Azərbaycan Ordusunun timsalında bu qədər yüksəkdəqiqlikli silahdan istifadə edilməsi nümunəsini görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirdilər ki, indiyədək nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə etməyiblər. Bu cür qarşıdurmalarda PUA-lar öz üstünlüyünü sübut etdi. Azərbaycan Ordusunun arsenalındakı PUA-larının hədəfi yalnız düşmənin hava hücumundan müdafiə qüvvələri deyildi, eyni zamanda, onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi. 

İşğal edilmiş torpaqlarımızda otuz il müddətində müdafiə sistemləri quraraq onlar haqqında miflər yaradan Ermənistan ordusu bu yeni döyüş taktikası qarşısında aciz qaldı. Ermənilərin «alınmaz qala» hesab etdikləri müdafiə sistemləri darmadağın edildi. Döyüş texnikası, hərbi obyektləri yerlə-yeksan olan erməni əsgərinin yalnız bir yolu qalırdı - silahını, bayrağını atıb fərari kimi  qaçmaq... Bu savaşda bir çox məsələlər, faktlar təsdiqini tapdı. İlk növbədə bəlli oldu ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi boşuna deyilmiş. 
Bu gün də Prezident İlham Əliyev hərbi quruculuq sahəsində islahatlar aparmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür. Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik olan silahlı qüvvələrimiz dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bu gün qarşıda duran əsas vəzifələrdən biri ordunun daha da gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. 

Hazırda dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da var. Ölkəmizin inkişaf etmiş hərbi sənaye kompleksi də bu gücə güc qatır. Son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Lakin buna baxmayaraq dövlət Silahlı Qüvvələrimizin daha da modernləşməsi, ən yüksəkdəqiqlikli hərbi silah-sursatların alınması prosesini davam etdirir. Bunu gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin artırılmasına dair ilkin proqnozlar da təsdiqləyir. Belə ki,  2023-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 5 milyard 320,1 milyon manat proqnozlaşdırıldığı bildirilir. Bu da 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.

Bütün bunlar bir daha göstərir ki, strateji valyuta ehtiyatları 55 milyard dollardan çox olan Azərbaycan dövləti ordunun ən yüksək təminatını,  ümumilikdə uğurlu islahatları növbəti illərdə də davam etdirəcək.

Elçin Zaman, «İki sahil»