30 sentyabr 2022 16:18
632

Qalib ordunun Müzəffər Ali Baş Komandanı

Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli gedib. Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Düşməni kapitulyasiyanı imzalamağa məcbur etdik. Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Müqaviləyə görə isə düşmən cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur olub.

Azərbaycan dövləti Qarabağda böyük quruculuq işlərinə start verib. Bu yöndə olan əsas istiqamətlərdən biri də işğaldan zor gücünə azad olunan torpaqlarımızın və orada erməni vandalları tərəfindən hər cür vəhşilik eləcə də dağıntıların bütün dünyaya göstərilməsidir. Çünki artıq hər kəs şahid olmalıdır ki, Azərbaycan dövləti öz suverenliyini azad olunan torpaqlarda təmin edib. Cənab prezidentin Qarabağa olan bütün səfərləri sözünün və əməlinin vəhdətinin növbəti nümayişi hesab olunur. Bu səfərlər eyni zamanda da ölkənin içərisində pozuculuq işləri aparmaq istəyən amma məqsədinə çata bilməyən “5-ci kolon”un necə deyərlər “əl-qollarını bağlayır”. İşğaldan azad olunan torpaqlarımızın öz nəzarətimizdə olduğu və burada xunta rejimini təmsil edən heç bir varlığın olmaması fikri də su kimi aydınlandı.

 “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib.” sözlərini deyən prezidentimiz kənar və ermənipərəst qüvvələrə açıq-aşkar xəbərdarlıq edir. Ermənistan rəhbərliyinin və ordusunun qorxulu yuxusuna çevrilən XTQ-lərimizin adını çəkməklə hələ də yumruğumuzun yumşalmadığını bildirir.

Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu  ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi.

Mais Günəşli,
YAP-ın gənc fəalı