15 avqust 2022 20:26
2573

Xətai rayonunda yerləşən Heydər Parkı  yenidənqurmadan sonra istifadəyə verilib FOTO/VİDEO

Parkda 918 yerlik amfiteatr qurulub

Paytaxtın Xətai rayonu ərazisində Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən Heydər Parkı əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.

Ərazisi genişləndirilərək 4 hektardan 14 hektara çatdırılmış parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilib, 9 hektar əraziyə qazon örtüyü döşənib, 7 km piyada və 1,1 km velosiped zolağı salınıb. Həmçinin 380 işıq dirəyi, 150 oturacaq quraşdırılıb, məlumat lövhələri qoyulub, 2500 kvadratmetr sahədə avtodayanacaq yaradılıb. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilib. Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılıb, lazımi avadanlıqlar quraşdırılıb. Parkda monitor yenisi ilə əvəz edilib, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulub.

Məlumat üçün bildirək ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Park 2000-ci ildə inşa edilib. Parkın açılış mərasimi Ulu Öndərin iştirakı ilə baş tutmuşdu. 2007-ci ildə rayon İcra Hakimiyyəti tərəfindən parkın əsaslı təmirinə başlanılıb. Həmin vaxt ərazinin genişləndirilməsi və əhalinin mənalı istirahətinin müasir tələblərə cavab verən səviyyədə təmin olunması məqsədi ilə Parkda abadlıq, əsaslı yenidənqurma işlərinə başlanılmış, Ulu Öndərin abidəsi ucaldılıb. 2007-ci il oktyabrın 3-də əsaslı yenidənqurmadan sonra Parkın açılış mərasimində ölkə başçısı İlham Əliyev iştirak edib.

Hazırda həmin park paytaxtın ən gözəl parklarından biri kimi həm sakinlərimizin, həm də paytaxtımızın qonaqlarının sevimli istirahət məkanlarından biridir. Rayon ərazisində digər belə parklar və istirahət guşələri kimi Heydər Parkı da daim nəzarətdə saxlanılır,  mütəmadi olaraq ağaclar, dekorativ kollar vaxtlı- vaxtında budanır, aqrotexniki xidmət göstərilir.

Təəssüratını öyrəndiyimiz rayon sakinləri Parkda aparılmış yenidənqurma işlərinə görə “Regional İnkişaf” İctimai Birliyinə və Xətai Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sosial-ekoloji hədəflərin reallaşdırılmasına, paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verəcək.

Ceyhun Piriyev,
Vüsal Cahanov
(foto), “İki sahil”