11 iyul 2026 12:03
101

Burkina-fasolu jurnalist: Bakı Təşəbbüs Qrupu dekolonizasiya ilə bağlı səslərin dünyaya çatdırılmasına imkan yaradır

Bakı Təşəbbüs Qrupunun yaratdığı platforma dekolonizasiya uğrunda mübarizə aparan xalqların öz mövqelərini beynəlxalq ictimaiyyətə çatdırması üçün mühüm imkan yaradır.

“İki sahil” xəbər verir ki, bunu Burkina-Fasodan olan jurnalist Musa Konat AZƏRTAC-a açıqlamasında deyib.

Musa Konat bildirib ki, Qərbi Afrika ölkələri formal müstəqillik qazansalar da, bir çox hallarda iqtisadi, mədəni və informasiya sahələrində neokolonial təsirlər hələ də davam edir.

“Bakı Təşəbbüs Qrupu bizə öz sözümüzü demək, beynəlxalq media və dünya ictimaiyyəti qarşısında çıxış etmək imkanı yaradıb. Buna görə də burada olmaq və dekolonizasiya mövzusunu media ilə birlikdə müzakirə etmək bizim üçün çox önəmlidir”, – deyə o vurğulayıb.

Musa Konat qeyd edib ki, dekolonizasiya uğrunda mübarizə yalnız siyasi müstəvidə deyil, media və iqtisadi müstəvidə də aparılmalıdır. Süni intellekt, sosial media və digər rəqəmsal platformalar müxtəlif ölkələrdə yaşayan xalqlar arasında birbaşa əlaqələrin qurulmasına yeni imkanlar açır.

O bildirib ki, məhz bu imkanlar sayəsində Yeni Kaledoniya, Karib hövzəsi və digər bölgələrdə yaşayan xalqlarla birbaşa ünsiyyət qurmaq mümkün olur, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi tədbirlər isə bu əlaqələrin real əməkdaşlığa çevrilməsinə şərait yaradır.

Burkina-fasolu jurnalist Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun dekolonizasiya mövzusunu beynəlxalq gündəmdə saxlamasını yüksək qiymətləndirərək, bunun müstəmləkəçilikdən əziyyət çəkən xalqlar üçün böyük əhəmiyyət daşıdığını bildirib.