Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı: Ağır döyüşlərdən sonra sağ qalmağımıza möcüzə kimi baxırdıq
“Döyüşlərin qızğın yerində dəfələrlə ağlımdan keçən, peşman olduğum məqam valideynlərimi, doya-doya öpməməyim, əzizləməməyim olmuşdu. Bizdə belədir axı atanı-ananı, qardaşı-bacını çox öpərsən oxşarsan şitlik etmə deyərlər. Ancaq müharibədə apzu edərdim ki, kaş onlarla çox vaxt keçirərdim. Çünki bizi-biz edən təmənnasız sevən valideynlərimizdir, ailəmizdir.”
Bu fikirləri “İki sahil”ə müsahibəsində Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Əşrəf Quliyev deyib.
Ə.Quliyev bildirib ki, müharibədə ən həyacan keçirdiyim an döyüşlər zamanı ailə üzvlərindən gələn zənglər idi: “Telefonu açıb danışsaydıq atəş səslərindən həyacan keçirəcəkdilər, açmayanda da isə narahatlıqdan. Ona görə də vəziyyət bir az sabit olan kimi tez evə zəng edirdik ki, bizi harasa göndərirlər bir neçə saat zəng çatmayacaq. Döyüşlər zamanı valideynlərimizi narahatlıqdan belə qoruyurduq. Ağır döyüşlərdən çıxandan sonra sağ qalmağımıza möcüzə kimi baxırdıq. Döyüş yoldaşlarımızın bəziləri vəsiyyətlərini də edirdilər. Bir əsgər yoldaşımız döyüşdən əvvəl bildirdi ki, evin tək oğluyam, anam da təkdir. Bir çox da problemlərimiz var. Mən şəhid olaramsa anama kömək edərsiniz. Bir insanın bu kəlmələri dilə gətirməsi və onu eşitmək çox ağır hiss idi. Amma reallıq idi. Müharibədə hər an şəhid olmaq qaçılmazdır.”