Pakistanın Kəraçi şəhərində yaşayan keçi Simba hər biri 54 santimetr olan qulaqları ilə məşhurlaşıb.
Simba şöhrəti sayəsində gözəllik müsabiqələrinin qalibi olub. Məşhur keçinin sahibi Məhəmməd Həsən Narajo keçisinin qulaqlarını Ginnesin Rekordlar Kitabına salmaq üçün müraciət etdiyini bildirib. Hazırda “dünyanın ən uzunqulaqlı keçisi” üçün rekord kateqoriya yoxdur, ona görə də Simbanın qulaqlarının həqiqətən rekordu qırıb-qırmadığını bilmək mümkün deyil. Amma rekord qırıb-qırmasa da, Simba hazırda Pakistanda sosial şəbəkələrdə məşhurdur.
Lakin keçiyə şöhrət qazandıran uzun qulaqlar, eyni zamanda müxtəlif problemlər yaradır.
Məsələn, qulaqlar onun yeriməyini çətinləşdirir. Narajo bunun qarşısını almaq üçün qulaqları başın arxasına yığır. O, həmçinin bu işi görən cilov da hazırlayıb.
Narajo keçilərini bəd nəzərlərdən qorumaq üçün dualar oxuduğunu deyir.
Narajonun planları daha böyükdür. O, Simbanı böyüdüb, Pakistanın keçiçilikdə dünya lideri kimi imicini artırmaq istəyir.
Vüsal Cahanov, “İki sahil”